KJM-də birə on gün: Axı biz niyə qəhrəmanlarımızı şəhid olandan sonra tanımalıyıq?!

2018/08/thumbnail_f2ad3eeb655eef42e46981caca73577d3453_1524558137_1535095793.jpg
Oxunub: 2605     15:26     24 Avqust 2018    
Konfilikt Jurnalistikasi Məktəbinin çöl-poliqon təlimlərinin növbəti günü idi… Məktəbin təlimalanları sözün əsl mənasında bir-birindən rəngli təlim günləri yaşaydırlar. Döyüş imitatsiyası, hərbi texnikaların stimulyatordan idarə edilməsi, səhər idmanı və müharibə yolu keçmiş zabitlərin auditoriya dərsləri demək olar ki, maraqlı olduğu qədər də psixoloji gərginliyi tarıma çəkirdi…

Sadə dillə desək növbəti adi səhəri qarşılayıb, toplandığımız hərbi hissənin sıra meydanında səhər idmanı edərək səhər yeməyinə getdik. Maraqla gözlədiyimiz günü qarşılamaq üçün hər kəs özündə güc tapmağa-qarşılaşacağı “sürpiriz”lərin “dadını çıxarmağa” hazırlaşır. Artıq günəş üfiqdən boy qaldırıb. Biz əsgərlərlə səhər yeməyi yeyib, bizim üçün ordu birliyi tərəfindən ayrılmış aftobusa minib təlimə yola düşdük. Yol boyu arxadan oturacaqdan təlimalanları süzüb, hallarından məmun görünənlərə içimdə təəssüf hissi ilə - hara getdiklərinin fərqində olmayan zavallılar - deyə hayqırıram. Hələ üstəgəl mənim bu düşüncələrim fonunda onların bəzilərinin avtobusun maqintafonunda səslənən el havasına qanad açıb süzməsi məni lap güldürdü… Xülasə… Çöl-çəmənli, dağ-dərəli mənzərə avtobusun yan pənçərələrindən ötüb keçirdi. Bir-birindən gözəl mənzərələr əvəzləndikdən sonra biz “N” saylı hərbi hissənin ərazisinə gəlib çıxdıq.

Proqrama görə bizimlə iki gün o məşğul olacaqdı… Cənab polkovnikin kim olduğunu yaxşı bildiyim üçün yaşlıların misalı olmasın, lap “qara günümü qabqarmışdım”. Şəhərdən – rahat asfaltdan, isti yorqanın altından gələnlərdən fərqli olaraq, bu məsələyə əyləncə kimi yanaşmayıb başımıza nələrin gələcəyini öncədən zərgər dəqiqliyi ilə hesablamışdım. Amma düzünü etiraf edim ki, mən özüm də cənab polkovnikin ilk sınağını keçəcəkdim. Yəni ilk dəfə onun məngənəsində sıxılacaqdım. Ona görə də çalışırdım ki öz-özlüyümdə apardığım hesab-kitabdan aldığım cavabı ən azı ona vurum ki, baş verəcəklərə qismən hazır ola bilim…

Mənzil başında qarşılanıb ilk təlim meydançasında toplandıq. Səhhətinə görə narahat olduqlarımı çıxmaq şərti ilə özüm barədə bütün ölçüləri götürmüşdüm. İlk tapşırığımız Xüsusi Təyinatlıların təlimatı ilə çox da hündür olmayan 13 metirlik sıldırım qayadan iplə enməkdir. Lakin o, gecikib hər kəs onu gözləyir. Bütün diqqətimiz təlimatçının əlindəki ipdə olduğu zaman ilk sürpirizimiz gəlir. 5-10 metr yaxınlığımızda səs bombası partlayır. Ardınca ətrafı ağ, qatı tüstü bürüyür və cəmi bir istiqamətdən eyni anda beş atıcı silahdan atəşə tutuluruq. Bu ilk sınaq idi və hər kəs özünə yer tutmağa çalışırdı. Kimisi təlaşdan güllə atılan tərəfə qaçdı, kimisi yaxındakı qayanın arxasında gizləndi, kimisi də mənim kimi olduğu yerdəcə yerə yatıb baş verənləri müşahidə etdi. Hər kəs öz reaksiyasını verdikdən sonra güllə-boran səsləri yerini sükuta verib qeybə qarışdı. Kimin necə reaksiya verməyi komandirlər tərəfindən qiymətləndirilmədən təlimat davam edir. Ancaq gözlərim cənab polkovnikin gələcəyi yoldadır. Əminəm ki, o bizim reaksiyamızı müşahidə edirdi və bir daha əminəm ki bu partlayış səsləri aprel döyüşləri zamanı düşmənə sözün əsl mənasında qan udduran komandirin gəlişinin ayaq səsləridir. Çox çəkmir… Budur o, mənim gözlədiyim cığırla, iti addımlarla bizə tərəf irəlilədi. O, çatıb soyuqqanlı, vahiməli üzünü təlim alanlara çeviririb göz yuvasının dərinliyindəki gürzə qədər vahimə saçan gözləri ilə hərkəsi bir-bir sezdi. Və sonra sərt üz qırışlarındakı vahiməli görünüşünü mülayim ifadə ilə əvəzləməyə çalışıb bizimlə salamlaşdı…

Tapşırıq üzrə qayadan enmələr başladı. İlk olaraq özümdən kiçiklərə stimul vermək xatirinə özüm enməyə qərar verdim. Və öhtəsindən gəldim. Amma cənab polkovnik hər kəsin hərəkətini və cəsarətini qeyri-adi bacarığı ilə müşahidə edirdi. Özü də endiyimiz qayanın yarı yolunda yerləşən çıxıntının üstündə dayanmaqla…

Hərkəs endi… Növbəti təlim başladı… Daha növbəti mərhələdəyik… Və enşin ən gərgin anı yetişdi. Buna “bıçağın sümüyə dirəndiyi an” da demək olar…

Verilən zaman ərzində müəyyən edilmiş qrupla meşəli, sıldırım qayalı dağlarda maksimum yürüş edib (hərbçilər buna “traves” də deyirlər) mərkəzə dönməli idik. İş təkcə yürüşdə deyil. Cənab polkovnikin menyusunda yolda kəşfiyyatın xüsusi tapşırıq almış qrurupunun əlinə düşərək xüsusi (şərti) işgəncələr almaq, onlar tərəfindən sorğulanma da var... Təlimalanlar üç qrupa bölünərək verilmiş azimunt üzrə hərəkətə başlayır. Bizim qrup öncə sıldırım qayalar olan meşəli dağlarla yüksəkliyə çıxmalı, oradan isə qarşıda görünən yaylağa doğru hərəkət etməli idi. Qrup üzvlərindən savayı yanımızda cəmi bir silahlı mühafizə yer alıb. O, kəşfiyyatçıdır və yol boyu bizə faydalı məsləhətlər verməkdən çəkinmir. Ümumilikdə isə lazım olmadıqca danışmır. O, sanki bizim kimi insan yox dağlarda hərəkət üçün hazırlanmış hərbi texnikadır. Nə tövşəyir, nə də dayanırdı… Yüksəklikləri qət etdikcə meşəli dağların başında rəqs edən kimi fırlanaraq enən dumanın içindən ötüb keçirik. Təhlükə hiss etdiyimiz üçün bir neçə dəfə yolumuzu uzadır, başqa cığırlardan istifadə edirdik. Ancaq mənim gözləntim və içimdəki təlatüm ötmür. Axı necə ola bilər ki, biz qosqoca polkovnikin hazırladığı pusqudan adi manevrlə yayına bilərik?!...

Yolçuluğun 40 dəqiqəsi tamamdır. Artıq qayalı və meşəli yolu ötüb keçmişik. Yolda çox qısa müddətcə etdiyimiz fasiləni nəzərə almasaq demək olar ki heç dincəlməmişdik. Həqiqətən də istirahətə ehtiyac vardı. Bələdçidən xahiş etdik ki, yamacın ətəyində yerləşən tək ağacın dibində istirahət edək. Razılaşdı… Biz ağacın dibinə gedib orada əyləşir, sisdən qorunmaq üçün qrupun iki xanım üzvünə “plaş nokitka” geyinmələrinə yardım edirik. Ümumi yorğunluğu ətrafdakı mənzərə unutdura bilər, bir şərtlə ki, təhlükə və yolçuluğun davamı olmasa… Yaxınlıqdan sürünün yanından ayrılaraq bizə qoşulan çoban iti bizi şənləndirmək üçün hər oyundan çıxırdı. Sanki qrup üzvlərinə öz vəfa və qonaqpərvərliyini, həmçinin xoşniyyətli heyvan olduğunu anlatmaq istəyirdi… Bələtçimizlə söhbət apardıqdan sonra geri dönmək qərarı qəbul etdik. Hazırlıq işləri görülür, hər kəs su ilə dodaqlarını yaşlayıb yükünü yığırdı. Biz geriyə hərkətin ilk addımını atmaqdayıdıq. Kəşfiyyatçı əli ilə qrupa qarşıda təhlükənin olduğu xəbər verir. Çöküb ön tərəfi müşahidə edirik. Çiskinli hava uzağı görməyə maneçilik edir. Lakin çiskinin içərisində qaraltı var: Masxalatlı bir nəfər bizə doğru iti addımlarla hərəkət edir. Bələdçimiz bir az da müşahidə etdikdən sonra dodağının altında: - Bu gələn komandirdi…- deyib əli ilə bir neçə işarə etdi. Bəli həqiqətən gələn yoldaş polkovnik idi. O döyüşçüsünün işarəsinə cavab verir. Sonra bələdçimiz qrupu qaldıraraq, komandir toplanın əmri Verdi, İrəli, komandirə tərəf hərəkət edirik dedi və biz sərbəst hərkətlə polkovnikə tərəf addımladıq. Dairəvi şəkildə onun ətrafında toplandıq. O, qəzəbli idi. Saatına baxdıqdan sonra üzünü kəşfiyyatçıya tutub dillənir:

- Nə qədər vaxtdır hərəkətdəsiniz?

- Qırx dəqiqədən biraz artıqdır, cənab polkovnik!

- Başa düşmədim, bu fərsizlər qırx dəqiqəyə elə bu qədər gələ biliblər?

- Bəli…

Cavabdan məmnun olmayan polkovnik, qəzəbli şəkildə öz döyüşçüsünün üstənə qışqırır. Mən sənə illərimi sərf edib sənə ölməməyi, öldürməyi öyrətdiyim kimi sən də bunlara öyrətməlisən. Bunlar da öz sahələrinin döyüşçüləridir. Yıxmalı, sürüməli, əzab verməli idin ki, sabah döyüşdə axsamasınlar. Səni isə nə etmisən?! Mənim 17 dəqiqəyə qalxdığım yolu 40 dəqiqəyə gəlmisən… Polkovnikin əsəbini azaltmaq məqsədi ilə qrupun xanım üzvünün biri dillənir:

- Komandir, gecikməyə səbəb mən oldum.

- Niyə?

- Tələffüz borularımda problem var. Tez tənginəfəs oluram. Ona görə də müəyyən gecikməyə səbəb oldum.

- Sən sabah bu sözləri erməniyə də deyə biləcəksənmi? Əsla deməyəcəksən, deməyə macal tapmayacaqsan! Onlar elə vəhşi canlıdırlar ki, damarında türk qanı axan günahsız körpəyə belə aman vermirlər…

Anidən komandirin sözlərini partlayış səsi yarımçıq qoydu. Yanından qayıtdığımız yamacdan silahlı basqın başladı. Polkovnik bizə sürünərək geri çəkilməyimizi əmr etdi. Uzanıb yaş otların arası ilə mühafizəçimizin cavab atəşini gözləyirik. Hər atəş açıldıqca yerimizi dəyişir, atəş nöqtəsindən bir az daha uzaqlaşırdıq. Amma hərəkətin surəti basqın edənlərin surətinə nisbətən çox zəif idi. Qısa müddət ərzində silahlılar ətrafımızı sarıb bizi dairəyə alırlar. Komandir atəşi kəsin əmri verir. Silahlılar hər biri komandirin yanına qaçıb onunla qucaqlaşırdılar. Polkovnik hər bir kəşfiyyatçını öz övladı kimi qucaqlayıb öpürdü. Sonra üzünü bizə tutub dedi. Baxın, bunların hər birinə ölməməyi öyrətdim. Bunun üçün bunları ölüm təhlükəsinə atdım. Acımadım heç birinə… Nəticədə isə bu gördükləriniz aprel döyüşlərində üzümü ağ etdilər. Mənimlə birgə düşmən səngərinə girib onları darmadağın etdilər. Torpağımıza göz tikib qanımıza susuzlayan şərəfsizlərin birini də bağışlamadılar!...

Polkovnikin danışıqları qulaqlarımızdan qəlbimizə süzülürdü. Heç kim onun sözün kəsmək istəmirdi. O isə davam edir: - Tər tökməli, əziyyət çəkməli, lap yaralanmalısınız ki, sabah şərəfsiz düşmənin mühasirəsinə düşəndə həyatda qalmağı bacarasınız. Özümdən ixtiyarsız onun sözün kəsərək dilləndim:

- Cənab polkovnik, ələ keçməmək üçün özünü öldürmək qəhrəmanlıqdırmı?

- Elə əsl qəhrəmanlıq odur…

O səs tonunu bir azca aşağı salıb, xatirələrin ağuşunda itir. Ancaq mövzu onu elə tərpətdi ki, susa bilməzdi. Axı o məktəbdir, döyüşçüdür, səngər adamıdır.

- Ələ keçməmək üçün özünü məhv etmək əsl türk əsgərinə xas olan xüsusiyyətdir. Heç kim əsir düşməkdən və əsirlikdə görəcəyi işgəncələrdən sığortalı deyil. Bu hər birimizin başına gələ bilər və ona görə də bu çıxış yolu hesab edilə bilər. Unutmayın, cənab jurnalistlər, o seçimi edənlər əsl qəhrəmandır. Bu qorxağın, yaltağın işi deyil. Misal üçün bizim döyüş tarximizdə dəfələrlə belə hadisə olub. Mən onların hər birini böyük ehtiramla anıram. Amma bircə dəfə də olsun erməni ordusunun əsgəri belə addım atmayıb. Çünki onlar canlarından qorxurlar, Vətənləri olmadığı üçün içlərində sevgi olmur… Şəxsən özüm və yanımda gördüyünüz bu döyüşçülərim həmişə düşmən arxasında əməliyyata gedəndə sinəmizdə özümüz üçün hesabladığımız əl qumbaraları saxlayırıq. Amma qismət elə gətirib ki, qorxaq düşmən bizə bunu etməyə şərait yaratmayıb…

Hərkəs tam sakitliklə komandirə qulaq asır. O, birdən söhbəti dəyişib amansız səslə: - Məni belə mövzularla duyqulandırmağa cəht etməyin. Bəsdir istirahət etdiniz. Siz mənim döyüşçülərimin əlinə düşmüsünüz. Yol boyu zəif hərəkət etdiyiniz üçün qarşıdakı dağın ətəyindəki ağaca qədər dayanmadan qaçıb qayıtmalısınız. Sonrasına baxarıq!

Polkovnikin sözləri içimizdə istər mənəvi istərsə də fiziki güc yaratmışdı. Əminliklə deyə bilərəm ki, artıq o sözlərdən sonra biz o məsafədən üç qat uzağa da qaça bilərdik. Tapşırığı cəmi yeddi dəqiqəyə yerinə yetirdik. O bizə onunla birlikdə geri dönmək tapşırığını verdi. Hələ üstəlik mərkəzdə bizim üçün gözəl nahar hazırladığını deyib, gülümsəyərək hərəkətə başladı. Əlbətdə kəşfiyyatçının çöldə hazırlayacağı nahar ən yaxşı halda ilan, qurbağa, kirpi, dovşan əti ən pis halda isə kəsəyən, it və çanaqlı tısbağa əti ola bilərdi. Tanrıya şükür edirəm ki, ən yaxşı hal hesab etdiklərimiz başımıza gəldi. Biz qurbağanı cənab polkovniklə birlikdə çiy-çiy yedik. Özü də qəti şəkildə etiraz etmədən. Çünki, biz o qurbağanı artıq cənab polkovnikin cəmi bir-neçə dəqiqəlik söhbətindən sonra psixoloji olaraq yemişdik…

Əslində yazımda onun adını yazmaq fikrim yox idi. Amma bunu bacarmadım… Bunu yazmağa daxilimdə “Axı biz niyə qəhrəmanlarımızı şəhid olandan sonra tanımalıyıq?” sualına cavab tapmamağım səbəb oldu. O polkovnik Nəsimi Şıxəliyev idi.

O Şıxəliyev ki, aprel döyüşləri zamanı döyüşçüləri ilə birlikdə Lələtəpə yüksəkliyini azad edərək, üç rəngli müqəddəs bayrağımızı o zirvədə dalğalandırıb.

O Şıxəliyev ki, səngərdə döyüşçüsünü yaralayan düşmən polkovnikini odlu silahdan istifadə etmədən yalvardaraq məhv edib.

O Şıxəliyev ki, Vətəni övladından da, öz canın da çox sevir…

O Şıxəliyev ki, onun kimilərinin ölümü minlərin dirilişi olur. Onun yolu, o yolun yolçuları olur. Neçə ki, hazırda onlarla, bəlkə də yüzlərlə Şıxəliyev yolçuları var…

Vətəni sizin qədər sevə bilmədiyim üçün sizə qibtə edirəm cənab polkovnik!

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KJM   Nəsimi-Şıxəliyev  


Bizi "telegram"da izləyin