Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın ali hərbi məktəbinin kursantı Haykaz Barseğyanın ölümündə təqsirli bilinən 22 yaşlı digər kursant Movses Azaryan keçirilən məhkəmə iclasında, vəkili olmadan ifadə verməyə hazır olduğunu, ictimai vəkilin xidmətlərindən imtina etdiyini bildirib.
Lakin məhkəmə onun arzusunu təmin etməyib. Son məhkəmə iclasında ictimai vəkil olaraq iştirak edən Anjela Poğosyan işlə tanış olmaq üçün məhkəmədən 2 ay vaxt istəyib. Zərərçəkənin adından danışan vəkil isə artıq 3 ildir uzadılan məhkəmə işinin bir an öncə bitməsi məqsədilə işlə mümkün qədər tez tanış olmağı xahiş edib.
Məhkəmənin hakimi işlə tanış olmaq üçün erməni vəkil Pogosyana 1 ay vaxt verib. Məhkəmə iclası yenidən təxirə düşüb. Cinayət işinin məhkəmə araşdırması 20 avqust 2018-ci il tarixində davam edəcək. Mövcud 4 müttəhimdən 3 nəfərin dindirilməsi prosesi artıq başa çatıb. Onlar ittihamları qəbul etmir. Yalnız Movses Azaryanın dindirliməsi prosesi qalıb.
Xatırladaq ki, 29 yanvar 2015-ci ildə Vazgen Sarkisyan adına hərbi məktəbin həyətində idman alətindən asılı vəziyyətdə kursant Haykaz Barseğyanın meyidi aşkar edilib. İttihama görə onu həmin institutun 4 kursantı xüsusi amansızlıqla qətlə yetirib, daha sonra damarlarını doğrayaraq izi itirmək məqsədilə idman şəhərciyindəki alətdən asıblar.
Alpər Mövludoğlu
Ordu.az