Keçmiş döyüşçü: "Bütün xalq bilsin ki, daha bir veteran ordusu döyüşə hazırdır"

2018/05/1_1527591263.jpg
Oxunub: 3782     18:49     29 May 2018    
Artıq Qarabağda vuruşmağa hazır olan daha bir veteran ordusu formalaşıb. Bu fikirləri deməyə, keçmiş 776 saylı batalyon üzvlərinin cəmləşərək göstərdikləri aktiv fəaliyyətləri zəmin yaradır. Belə ki, keçmiş batalyon üzvləri bir komandir ətrafında daima toplanış, görüşlər təşkil edərək gənc nəsil arasında hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi istiaqamətində təbliğat işləri aparırlar.


Ordu.az xəbər verir ki, keçmiş döyüşçülərin növbəti belə tədbiri bu gün, Bakıda baş tutub. Keçmiş döyüşçülər şəhidlər xiyabanını ziyarət edərək abidə önünə əklil qoyublar. Batalyon üzvləri daha sonra döyüşlər zamanı həlak olmuş silahdaşlarının məzarını ziyarət edərək onlara öz ehtiramlarını bildiriblər.


Batalyon üzvlərindən biri olan Asim Süleyman mütəmadi olaraq cəmləşmələrinin səbəbini açıqlayıb: "Batalyonumuzun hazırkı fəaliyyətinin əsas məqsədi bütün şəxsi heyətlə əlaqələri tam bərpa etmək, bizimlə döyüşlərdə şəhid olan silahdaşlarımızın ailələrini araşdırmaq, daxili imkanlarımız hesabına həmin ailələrin müəyyən çətinliklərini aradan qaldırmaqdır.


Hazırda bizim şəxsi heyət artıq sıx əlaqələri tam bərpa etmək üzrədir. Mən bütün silahdaşlarım adından bildirmək istəyirəm ki, biz hər an veriləcək döyüş əmrinə hazırıq. Bütün xalq bilsin ki, torpağlarımız uğrunda canından keçməyə hazır olan daha bir veteran ordusu döyüşə hazırdır".


Qeyd edək ki, 776 saylı batalyonun yaranmasından 26 il ötür. Əsasən Füzuli, Laçın, Ağdərə və Tərtər cəbhəsində düşmənlə vuruşan 776 saylı batalyon, xeyli sayda şəhid və əlil verib.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 776-batalyon   Qarabağ   Tədbir  


Bizi "telegram"da izləyin