Keçmiş batalyon komandiri: “Aprel döyüşlərində evdən halallaşıb çıxdım…” – MÜSAHİBƏ

2018/03/3_4567467705.jpg
Oxunub: 3716     17:42     31 Mart 2018    
Mövzumuz aprel döyüşləri zamanı keçmiş döyüşçülərin qəhrəman əsgər və zabitlərimizlə birgə fəaliyyətləridir. Müsahibim keçmiş batalyon komandiri Akif Həsənovdur. Həsənov Akif Ağamirzə oğlu 1957-ci il sentyabrın 25-də Xocavənd rayon Əmiralılar kəndində doğulub. Orta məktəbi doğma kəndlərində bitirdikdən sonra 1976-ci ildə həqiqi hərbi xidmətə yolanıb. 1988-ci ildən erməni silahlı dəstələrinin kəndlərə basqınlarının qarşısını almaq məqsədi ilə kəndlərdə yaradılan özünümüdafiə dəstələrinə qoşulur. Özünümüdafiə dəstələrinin tərkibində iştirak etidiyi döyüş əməliyyatlarının birində ağır güllə yarası alır. Müalicə olunduqdan sonra 1992-ci ildə Beyləqan özünümüdafiə batalyonunun komandiri təyin edilir. Atəşkəs elan edildikdən sonra Füzuli və Goranboy rayonları ərazisində yerləşən “N” saylı hərbi hissələrdə tabor komandiri kimi xidmət edir. 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılır. İki qız, bir oğul atasıdır.


- Akif müəllim, əlbəttə, mövzumuz aprel döyüşləri zamanı keçmiş döyüşçülərin fəaliyyətidir. Amma istərdim ki, müsahibəmizə hələ aprel savaşından öncə müharibə veteranlarının əlaqələrindən danışaq. Vaxtı ilə komandirlik etdiyiniz batalyonun veteranları arasında əlaqə necədir?

- Bilirsiniz, bu həqiqətən bu gün dövlətimizin, ordumuzun faəliyyətində böyük rol oynayan bir mövzudur. Özü də çox həssas mövzudur. Mən istərdim elə öz tərəfimdən, yəni vaxtı ilə özümün rəhbərlik etdiyim Beyləqan Batalyonunun döyüşçülərinin – keçmiş döyüşçülərin hazırkı fəaliyyətindən söhbət açam. Demək olar ki, o vaxtlar mənim batalyonumda ölkənin digər bölgələrindən də döyüşçülər olub. Biz həmin döyüşçülərlə necə deyərlər ən ağır döyüşlərə girib az qüvvə ilə eyni zamanda minumum itkiylə inanılmazı bacarmışıq. Bunun əsas səbəbi heç də maddi texniki təminatla əlaqəli deyildi. Yəqin ki, həmin dönəmlərin ordusunda olan vəziyyətdən məlumatlısınız və bilirsiniz ki, yeni müstəqillik əldə etmiş dövlətin ordusunda çatışmamazlıqların olması labüd hal idi. Həmin dönəm güclü olmağın bircə yolu var idi ki, o da birlikdən, bərabərlikdən keçirdi. Bu sadaladıqlarımın hamısı həmin dönəmlər mənim batalyonumda var idi və biz öz aramızda olan mehribanlıq sayəsində birliyi qoruyub saxlaya bildik. Atəşkəs elan edildikdən bir neçə il sonraya qədər cəbhənin bir neçə istiqamətində xidməti fəaliyyətimi davam etdirdim. Lakin ehtiyata buraxıldıqdan sonra batalyonun səxsi heyyəti ilə əlaqələri daha da intesivləşdirmək üçün cəhdlər göstərib nəticə əldə etdim. Həmin batalyonun əlilləri və veteranları hər il Beyləqan özünümüdafiə batalyonunun yaranmasının il dönümündə toplaşırıq. Hər kəsin bir-biri ilə sıx əlaqələri var.


- Məsələn, batalyon toplanaraq hansı tədbirləri təşkil edib?

- Batalyonun şəhidlərinin anım tədbirlərini təşkil edirik. Bundan başqa, batalyonun yaranmasının il dönümündə hər kəs toplanaraq sırada öz yerində, öz keçmiş vəzifəsini icra etməyə hazır olduğunu nümayiş etdirir. Biz həmçinin hazırkı ordumuzun digər kütləvi tədbirlərində də yaxından iştirak edir, onlara müəyyən mənada dəstək olmağa çalışırıq. Mən sizə həmin tədbirləri əks etdirən video və fotomaterialları təqdim edəcəyəm.

- Aprel döyüşləri zamanı sizin batalyonun hansı fəaliyyəti oldu?

- Bildiyiniz kimi, döyüşlərin başlaması barədə heç kimin əvvəlcədən məlumatı yox idi. Lakin ondan əvvəl düşməninin cəbhədə dəfələrlə təxribatlara əl atması, ordumuzun mövqelərini intensiv şəkildə atəşə tutması, təmas xəttində gərginliyi günü-gündən artırmağa xidmət edirdi. Lakin aprelin ilk günləri mövqelərə hücum cəhdləri Azərbaycan Ordusunu əks həmlə etməyə vadar etdi. Mən döyüşlərin başlaması barədə məlumatı səhərə yaxın aldım və dərhal keçmiş bölük komandirlərimə zəng edib mümkün qədər tez toplanmalarını tapşırdım. Özü də uşaqlara dedim ki, hər kəs hərbi geyimdə olsun. Bu proses cəmi 3-4 saat sürdü. Artıq səhər açılanda biz Beyləqan ərazisində toplaşaraq maşınlarla döyüşlərin qızğın getdiyi Lələ Təpə istiqamətinə hərəkət etdik. Biz orada olanda təbii ki, ordumuz Lələ Təpəni düşmən işğalından azad etmişdi. Düşündüm ki, darmadağın edilən düşmən ordusu bu yüksəkliyi geri almağa cəhd edəcək. Deməli, əks hücum qaçınılmazdır. Beyləqan, Xocavənd, Füzuli, Qubadlı Cəbrayıl və s. rayonlardan olan veteranlarla III eşalonda dayanmağı qərara aldıq. Düzdü, düşünürdüm ki, biz bununla haradasa səhv edirik. Yəni hərbi əməliyyata mane ola bilərik. Amma bir tərəfdən də döyüş təcrübəsi olmayan əsgərə mənəvi dəstək olmağın özü də döyüşmək demək idi.


- Amma bunu ermənilər də etmişdi...

- Bəli, etmişdilər. Amma son edişləri oldu... (Gülür...) Həmin materiallara xeyli sonra baxdım. Erməni könüllülər avtobusa yığışaraq cəbhəyə gəlmək istəyirdilər. O görüntülər heç də görüntünün bizə anlatmaq istədiyi kimi deyil. Orada diqqəti çəkən bir çox amillər var. Baxın, birinci həmin o avtobusa toplanan ermənilər heç də hamısı eyni batalyonun könüllüləri və veteranları deyil. Onlar sadəcə Ermənistan Ordusunda müqaviləli şəkildə xidmət edən yaşlılardır. Düşmən informasiya müharibəsi xatirinə belə bir addım atmağa cəhd etmişdi. Təbii ki, bu cəhdləri də digər cəhdlərindən heç də fərqli olmadı.

- Maraqlıdır, necə yəni görüntü xatirinə? Əgər bunlar həqiqiqətən xidmət edirdilərsə, niyə arxa cəbhəyə toplanıb yenidən gedirdilər?

- Aprel döyüşləri zamanı ordumuzun ilk əks həmləsindən sonra düşmən tamamilə darmadağın edildi. Demək olar ki, cəmi yarım saatlıq basqıya tab gətirə bilmədilər. Hələ döyüş getməyən digər ərazilərdə xidmət edən əsgərlər belə öz xidmət etdikləri mövqelərində durmaqdan boyun qaçırırdılar. Buna görə ermənilər müqaviləli yaşlı döyüşçüləri səngərə toplamağa qərar verdi. Həmin zaman ərazidə media nümayəndələrinin diqqətini yayındırmaq üçün, rəzil vəziyyətdən çıxmaq üçün həmin muzdluları cəbhəyə könüllü yollanan keçmiş döyüşçü kimi təqdim etdilər.

- Deməli, fərqimiz...

- Bəli. Ordularımızın fərqi olduğu kimi veteranlarımızın da fərqi böyük idi. Biz heç bir rəsmi dəvət almadan döyüş başlayandan 3-4 saat sonra döyüş gedən ərazilərdə olduq. Düşündük ki, ordunun hansısa bir işinə yaraya bilərik. Lakin ərazidə olan qüvvələrimiz nəinki bizim, heç əlavə qüvvələrin də gücündən istifadə etmədən döyüş tapşırığını yerinə yetirdilər. Amma onlar əks hücuma hazırlaşarkən yaşlıların, yəni yuxarıda qeyd etdiyim kimi müqaviləlilərin gücündən istifadə etməyə çalışırdılar. Baxın, bu da bizim fərqimiz...


- İşdir döyüş gedən zaman birdən sizin veteranların gücündən istifadə etmək zərurəti yaransaydı, necə olacaqdı?

- Şəxsən mən evdən çıxarkən halallaşıb çıxmışdım. Ölənə qədər də vuruşmağa hazır idim. Yol boyu məlum oldu ki, bütün batalyon üzvləri də ailələri ilə danışaraq vidalaşıblar. Aramızda elə yoldaşlar var idi ki, övladları həmin istiqamətdə döyüşdəydilər.

- Keçmiş döyüşçü kimi, ehtiyatda olan zabit kimi ordunun hazırkı durumu haqqında nə deyə bilərsiniz?

- Görünən dağa nə bələdçi? Azərbaycan Ordusu özünü qısamüddətli Aprel döyüşlərində göstərdi. Bütün dünya gördü ki, ordumuz haqqında yaxşı mənada deyilənlərin hər biri özlüyündə həqiqəti əks etdirir. Mən o dövrlə indiki dövrü müqayisə edirəm. Həmin dövrün döyüşçüləri ilə indiki döyüşçülərin heç bir fərqi yoxdur. Həmin əzmkar əsgər, həmin xalqıq, heç nə dəyişməyib.

- Bəs nə dəyişib?

- Dəyişən ordumuzun ən müassir silah və vasitələrlə təmin edilməsidir. O dövürdə elə əməliyyatlar olurdu ki, bizə dəstək üçün hərbi texnika qıtlığı yaşanırdı. Halbuki həmin texnikalarla düşmən üstümüzə gəlirdi. Amma indi ordumuzun döyüş texnikası düşmənin pulemyotundan çoxdur. Bundan başqa həmin dönəmlər ixtisaslı zabitlərə ciddi ehtiyacımız var idi. İndi Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər yüksək hərbi savada malik zabiti, giziri, çavuşu var. Bu ordu döyüş əmri verilən kimi İrəvana qədər yeriməyə qadirdir. Nəyiki Dağlıq Qarabağa...


- Son olaraq Aprel döyüşlərinin mahiyyəti haqqında nələr deyə bilərsiniz?

- Aprelin bir neçə mahiyyəti oldu. Təxribatların qarşısını alıb düşmənə tutarlı dərs vermək. Düşmənin nəbzini ölçmək, onun gücünün hansı səviyyədə olmasını yoxlamaq. Sonra hər iki dövlətin əhalisinin savaşa mənəvi olaraq hazır olub-olmamasını yoxlamaq. Hesab edirəm ki, Azərbaycan bütün sınaqlardan üzüağ çıxdı. Döyüş gedən zaman insanlar arasında yüksək savaş əhval-ruhiyyəsi var idi. Ordumuzun zabitləri bir daha cəsur və peşəkar olduğunu ortaya qoydu. Düşmən isə göz önündə idi. Komandirlərinin və digər silahdaşlarının meyidlərini qoyub, öz silahlarını atıb qaçdılar... Bütün bunlardan başqa, aprel döyüşləri Ermənistan hakimiyyəti ilə yanaşı bəzi ermənipərəst dairələrə də bir mesaj idi. O mesaj ki, Azərbaycan hakimiyyəti sülh tərəfdarıdır, amma müharibə etməyə də kifayət qədər gücü, qüvvəti var.

Elgün Gəncimsoy, Xocavənd
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-dpyüşləri   Qarabağ-qaziləri   Lələ-Təpə  


Bizi "telegram"da izləyin