Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan istintaq komitəsi tərəfindən külli miqdarda rüşvətalma və bunun qarşılığında çağırışçıları məcburi hərbi xidmətdən qanunsuz yolla azadetmə cinayət faktları ilə əlaqədar 9 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Ermənistan xüsusi istintaq xidməti bəzi Ermənistan vətəndaşlarının qanunsuz yolla övladlarını müddətli həqiqi hərbi xidmətdən azad etmək üçün istintaq komitəsinin hərbi istintaq baş idarəsinin baş müstəntiqinə xüsusilə külli miqdarda rüşvət verdikləri barədə məlumat yaymışdı.
Bu rüşvət müqabilində baş müstəntiq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 2017-ci ilin sentyabr ayından 2018-i ilin yanvar ayınadək vasitəçi şəxsin köməyi ilə çağırışçıların lehinə fəaliyyətlərin həyata keçirilməsinə yardım edib. Bunun nəticəsində çağırışçılar hərbi xidmətə yararsız hesab olunaraq, ehiyata buraxılıblar.
Baş müstəntiqə və ona yardım edən şəxsə Ermənistan qanunlarına müvafiq qaydada, rüşvətalma və ya rüşvət almağa yardım etmə üzrə cinayət işi qaldırılıb.
Bundan başqa ilkin cinayət araşdırması zamanı aparılan geniş istintaq məhkəmə fəaliyyətləri nəticəsində günahları sübut edilmiş 7 şəxs də məsuliyyətə cəlb edilib. Onlardan 3 nəfər külli miqdarda rüşvətvermədə, 1 nəfər külli miqdarda rüşverməyə vasitəçilik etməkdə günahlandırılır.
Bundan başqa qeyd olunan 7 nəfərdən 5 nəfərə qarşı sənədləri saxtalaşdırmaqla hərbi xidmətdən yayınmasına görə ittiham irəli sürülüb. Məlum olub ki, onlar qanuni əsaslar olmadan saxta sənədlərlə hərbi xidmətdən yayınıblar. Beləliklə, yuxarıda qeyd olunan cinayət işinin ilkin araşdırması çərçivəsində ümumilikdə 9 şəxsə qarşı ittiham irəli sürülüb. Baş müstəntiq və ona yardım edən şəxs həbs ediliblər. Qalan şəxslər ölkəni tərketməmə iltizamı qarşılığında azad buraxılıblar.
Ordu.az