Ermənistanda keçirilən “möhtəşəm” hərbi sərgi illüziyası – HƏRBİ EKSPERT

2018/03/5445654_1522421879.jpg
Oxunub: 2792     22:57     30 Mart 2018    
ArmHiTec-2018 hərbi sərgisinin təşkilat komitəsinin saytındakı katloquna (http://armhitec.com/ru/for-participants/catalog/) görə bu sərgidə 37 müəssisə iştirak edib. Bu müəssisələrin dördü yalnız qiyabi şəkildə, yəni sərginin foyesində nümayiş etdirmək üçün (pavilyon tutmadan) reklam bukletlərini yollamaq formasında iştirak edib.

Bunlardan biri Estoniyanın Tartu şəhərində yerləşən ARMSCOM şirkətidir. İkincisi, Moskvada yerləşən və Ruben Vardanyan adlı bir nəşriyyatçının rəhbərlik etdiyi BRICS “Business Magazine” jurnalıdır ki, onun da hərbi sahə ilə əlaqəsi yoxdur. Üçüncüsü, Hindistanda yerləşən “Defence-Technology.com” hərbiyönlü internet reklam nəşriyyatıdır . Dördüncü qiyabi iştirakçı isə Moskvada yerləşən “Nasionalnaya oborona” nəşriyyatıdır.


Real olaraq, yəni sərgi pavilyonu tutaraq iştirak edən cəmi iki xarici şirkət Fransa ərazisində yerləşən NEXTER SYSTEMS və Bolqarıstanın Arsenal2000 şirkətləridir. Lakin öz saytında (http://www.nexter-group.fr/) bütün iştirak etdiyi və edəcəyi sərgilər haqqında fəxrlə danışan Nekster şirkəti Ermənistanın ArmHiTec-2018 sərgisi haqqında dərin sükuta qərq olub. Buradan görünür ki, sərginin təşkilat komitəsi hansı faktlarısa şişirdir. Bu şirkətin pavilyonundan çəkilən fotolara baxdıqdan sonra nəsə bir nəticə çıxarmaq olar. Hələlik deyəsən bu fotolar Ermənistan dövlətinin məxfi sənədləri kimi qorunur. Bolqarıstanın da Arsenal2000 şirkəti öz saytında (http://www.arsenal-bg.com/) iştirak etdiyi şərgilər haqqında məlumat verir. Lakin Ermənistan sərgisi haqqında onlar da susur. Maraqlı faktlardır.

Bunlardan fərqli olaraq sərginin rəsmi kataloqunda elan olunmamış Larsen&Toubro (L&T) adlı bir Hindistan hərbi şirkətinin (http://www.larsentoubro.com/corporate/products-and-services/) iştirakı barədə fotolar var. Bu şirkətin saytından məlum olur ki, o da çoxsahəli injinirinq xidmətləri göstərən bir şirkətdir. Öz xidmətlərini bütün sənaye və tikinti şirkətlərinə və hətta hərbi sənaye müəssisələrinə də təklif edirlər.


Bir Qazaxstan şirkəti istisna olmaqla, qalan bütün şirkətlər Rusiya və Ermənistan Hərbi Sənaye komplekslərini təmsil edirlər. Gurultulu elanlar da az deyil. Məsələn, Ermənistan saytları belə başlıqlar verir: “Ermənistanın ElBat hərbi şirkəti öz məhsullarını ərəb ölkələrinə göndərəcək!”. Lakin yazılanları diqqətlə oxuyanda məlum olur ki, bu ölkənin akkumulyator batareyaları istehsal edən şirkəti öz məhsulunu ərəb ölkələrinə satmağı çox arzulayır (https://news.am/rus/news/443630.html). Həmin sərgi ətrafında bu kimi məzəli faktlar çoxdur. Diqqətli oxucu şəxsən ayırd edib gülümsəyə bilər.


Sərginin maraqlı eksponatlarından üçünü misal gətirmək olar. Əslində bu üçündən başqa bir şey reklam edilmir. Əlbəttə, Su-35 təyyarəsinin və artıq Azərbaycanla cəbhə zolağına quraşdırılmış optik-elektron nəzarət sisteminin reklam nümayişi olacaqdı.

Birinci bu “möhtəşəm” sərginin sanbalını artırmaq üçün “qardaş yardımına” bənzəyir. İkinci isə erməni cəmiyyətinin özünəgüvən problemlərini hamarlqmaq məqsədi güdür. Yəni baxın, biz cəbhə zolağında Azərbaycan ordusunun yerləşməsinə nəzarət edə bilirik.


Erməni HSK-nin istehsalı olan tırtıllı robot isə bu ölkənin gənc modelistlərinə yaxşı mənəvi stimul ola bilər.

Maraq doğuran sistemlər PUA-larla mübarizə apara bilən radioelektron mübarizə vasitələridir. Rusiyanın “Müdafiə Sistemləri” şirkətinin istehsalı olan adı hələlik naməlum sistemi şirkətin sərgidəki nümayəndəsi Trunov belə xarakterizə edib: “Bu sistem Ermənistanın bu yaxınlarda silahlanmaya qəbul etdiyi “Repellent” sisteminə oxşasa da, vəzifələrinə görə fərqlənir. Bu daha yaxın məsafədən PUA-ların idarəetmə kanallarını ələ keçirib, onun iş rejimini pozur və onun məhvinə səbəb olur. “Repellent” sistemi bu işi daha uzaq məsafədən görür”.


Əlbəttə, bu tipli sistemlər PUA-lar üçün problem yarada bilər. Ona görə də onların taktiki tətbiqini daha da təkmilləşdirmək lazımdır. Lakin keçmiş SSRİ ərazisində olan dövlətlərin elektron bazası qərbdən 20-30 il geri qaldığından REM sistemlərinin qərb istehsalı olan texnika ilə mübarizə bacarığı nəzəri cəhətdən fərziyyələr səviyyəsində müzakirə oluna bilər.

Daha bir maraq doğuran texnika Ermənistanın PRO MAQ şorkətinin istehsalı olan HREESH markalı zərbə PUA-sıdır. Bu PUA-nın faydalı iş əmsalı az, taktik göstəriciləri isə şübhə doğuran impeller tipli hava itələyicisi ilə təhciz olunması onu göstərir ki, bu sursat hələ nəzəri layihələr dövrünü yaşayır. Bu baxımdan düşmən, konstruktorlara eksperimentlər üçün çox sərbəstlik verir. Deyilən zərbə PUA-sının konstruksiyası böyük şübhələr doğursa da, erməni konstruktorları aktiv eksperimental axtarışlardadır. Həm də bizm hazırlıqsız internet izləyicilərinə bu eksperimentlərdən yaranan əcaib konstruksiyalar vasitəsilə psixoloji təzyiq göstərirlər. Amma axtarışda olan həmişə bir addım qabaqdadır. Biz də bunu nəzərə almalıyıq. Maddi bazamızın genişliyi bu sahədə daha çox imkanlar yaradır.

Mövzunu yekunlaşdıraraq onu deyə bilərik ki, bu sərgini Ermənistan və Rusiya hərbyönlü müəssisələri arasında mütəmadi keçirilən fikir mübadilələrindən biri kimi qəbul etmək olar. Sadəcə, son iki ildə düşmən bu sərgiyə həm də təbliğat xarakteri verməyə çalışır. Bu yolla Ermənistan öz cəmiyyəti daxilində və Azərbaycana mesaj olaraq hərbi inkşaf təsəvvürü yaratmağa çalışır.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ArmHiTec-2018   Sərgi  


Bizi "telegram"da izləyin