Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən
Ordu.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım muzeyində keçirilən tədbirlərdə vurğulanmışdır ki, Azərbaycanlılara qarşı soyqırım siyasəti erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirilib.
Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük ermənistan dövləti” yaratmaq olmuşdur. Ayrı-ayrı dövrlərdə böyük dövlətlərin müəyyən dairələrinin təhriki ilə yeridilən bu siyasətin əsas məqsədi tarixi faktları və arxiv sənədlərini saxtalaşdırmaqla, dezinformasiya xarakterli məlumatlar yaymaq və psixoloji-informasiya metodlarından istifadə edərək dünya ictimai fikrinə təsir etməkdən ibarət olmuşdur. Məqsədlərinə nail olmaq üçün erməni millətçiləri ayrı-ayrı ölkələrin ərazilərində erməni diasporunun və lobbisinin imkanlarından geniş istifadə edərək ideoloji, separatçı və terrorçu təşkilatlar yaradıblar.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə verilən əsl tarixi qiymət idi.
Azərbaycanlıların Soyqırımı Gününün məhz bu tarixdə qeyd edilməsi səbəbsiz deyil. 1918-ci ilin mart ayının son iki günündə erməni-rus birləşmələri gəmilərdən və təyyarələrdən Bakının müsəlmanlar yaşayan hissələrini bombardman etmiş, silahlı daşnaklar evlərə soxularaq 17 minə qədər dinc azərbaycanlını, o cümlədən qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirib. Bakı qırğını ilə kifayətlənməyən ermənilər Naxçıvanda, Şamaxıda, Lənkəranda, Quba-Xaçmazda, Ağsuda dəhşətli qətllər törətmiş, yüzlərlə kəndi darmadağın ediblər.
Ermənilər tərəfindən törədilən çoxsaylı soyqırım hadisələrinin mərhələlərlə şərh olunduğu tədbirlərdə vurğulanıb ki, bu vəhşiliklərin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs Ulu Öndər Heydər Əliyev tərəfindən edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən erməni şovinistləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətini dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyub.
Tədbirlərdə 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.
Ordu.az