Xramçixindən Zatulinə cavab: “Böyük ehtimalla Azərbaycan ən müasir silahları əldə edib” – BAXIŞ BUCAĞI

2018/03/5ded5472b18b6ad273a89787bd534583234_1522389454.jpeg
Oxunub: 4131     13:55     30 Mart 2018    
Daha öncə qeyd etdiyimiz kimi, Ermənistanda anti-Rusiya xarakterli çıxışların artdığını görən rusiyalı rəsmilər və ekspertlər aprel döyüşlərindən sonra Rusiyanın nəticə çıxardığına dair erməniləri sakitləşdirməyə çalışırlar. Lakin Rusiya Dövlət Dumasının iki nümayəndə heyəti son iki ildə satılan silahların Rusiya ilə Azərbaycan arasında 2008-2010-cu illərdə əldə edilmiş köhnə razılaşmalara əsasən tədarük edildiyini bildirsələr də, təchizatın bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.

Rusiyalı deputatlar İrəvanda erməniləri səfeh yerinə qoydu

Rusiya Federal Məclisi Federal Şurasının Beynəlxalq Məsələlər üzrə Komissiyasının sədri Konstantin Kosaçovdan sonra İrəvana səfər edən MDB ölkələri institutunun direktoru, MDB və Avropaya inteqrasiya məsələləri üzrə Rusiya Dövlət Dumasının daimi komissiyası rəhbərinin birinci müavini Konstantin Zatulin də bu məsələyə toxunub. Amma necə?

Zatulin 26 mart 2018-ci il tarixində Ermənistan parlamentində keçirilən mətbuat konfransı zamanı Rusiyanın müvafiq nəticələr çıxardığını bəyan etsə də, istənilən halda Rusiyanın Azərbaycana silah tədarükünü davam etdirdiyini inkar etməyib.


“Bəli Azərbaycana silah tədarük edilib, ancaq bu tədarük əvvəllər əldə edilən razılaşmalara əsasən həyata keçirilib. Burada söhbət silah və müdafiə vasitələrindən gedir. İstənilən halda ən müasir silah növlərindən söhbət getmir", - deyə Zatulin bildirib.

Təbii ki, Zatulinin Ermənistan parlamentində keçirilən mətbuat konfransı zamanı çıxışı birtərəfli mövqeyi ilə seçilsə də, burada əsas məqsəd erməni cəmiyyətinin düşüncəsinə təsir etmək və qarşıya qoyulan missiyanı tamamlamaq idi. Təsadüfi deyil ki, rusiyalı deputatlar İrəvanda olarkən erməniləri səfeh yerinə qoyaraq, Azərbaycana satılan silahların məhz ermənilərə qarşı istifadə ediləcəyini təsəvvür etmədiklərini bildiriblər.

İndi isə Zatulinin Rusiyanın Azərbaycana ən müasir silah növləri satılmaması barədə çıxışına öz ekspertləri vasitəsilə aydınlıq gətirək.

Bundan müasir silah olmur

Moskvanın Siyasi və Hərbi Araşdırmalar Mərkəzinin direktor müavini, hərbi ekspert, həm rus-azərbaycan, həm də rus-erməni hərbi texniki əməkdaşlığının detallarından yaxşı xəbərdar olan Aleksandr Xramçixin, Zatulinin Rusiyanın Ermənistana ən müasir silahlarını, Azərbaycana isə müasir tələblərə cavab verməyən silahlarını tədarük etdiyi barədə fikirləri ilə razı olmadığını bildirib:


“Doğrudur, Ermənistan Rusiyadan taktiki əməliyyat raket kompleksi olan “İsgəndər” komplekslərini (hazırda bu komplekslər 102-ci bazada CHD-nin nəzarətindədir - red.) əldə edib. Bu raketlər Rusiyadan başqa yalnız Ermənistanda (Əlcəzair - red) var. Ancaq Azərbaycana da müasir silah və hərbi texnikalar, məsələn, “Smerç” reaktiv yaylım atəşli sistem, “TOS-1A” ağır artilleriya kompleksləri və ya T-90 tankları tədarük edilib”.

Ekspert, Zatulinin ən müasir silahlar deməklə nəyi nəzərdə tutduğunu anlamadığını qeyd edib.

“Mən Konstantin Zatulinin ən müasir silahlar deməklə nəyi nəzərdə tutduğunu bilmirəm. Bu barədə onun özündən soruşmaq lazımdır. Böyük ehtimalla ən müasir silahları həm Azərbaycan, həm də Ermənistan əldə edib. Bundan müasir silah olmur. Çünki son zamanlar Putin öz çıxışında nümayiş etdirdiyi ölkəsinin ən yeni silahlarını heç kimə satmayacağını bildirdi. Satışı mümkün olan ən müasir silahları isə həm Ermənistan, həm də Azərbaycan alıb”, - deyə Xramçixin erməni mətbuatına verdiyi müsahibədə vurğulayıb.

Müdafiə və hücum xarakterli silahlar barədə tənqidlər isə faktiki olaraq yersizdir və erməni cəmiyyətini sakitləşdirmək üçün səsləndirilən ifadələrdir. Ona görə ki, HHM vasitələrindən başqa qalan bütün silah növlərini qeyd olunan ordunun hansı növ hərbi əməliyyat keçirdiyindən asılı olaraq, həm müdafiə, həm də hücum zamanı istifadə etmək mümkündür.

Azərbaycana silah satışı əhəmiyyətli dərəcədə kommersiya faydalılığına malikdir

Hərbi ekspertin fikrincə, Rusiyanın Azərbaycana əvvəlki həcmdə silah satacağını, yaxud həcmi məhdudlaşdıracağını demək çətindir.

“Bunu demək çətindir, çünki Azərbaycana silah satışı əhəmiyyətli dərəcədə kommersiya faydalılığına malikdir. Azərbaycanın çoxlu pulu var idi, Rusiya satdı, Azərbaycan da ödəniş etdi. Hazırda Azərbaycanın daha hansı silahları ala biləcəyi və bu pullarla kimə - Türkiyəyə, İsrailə yoxsa Rusiyaya müraciət edəcəyi sualına cavab vermək çətindir”, - deyə Aleksandr Xramçixin qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Rusiya   Silah-satışı  


Bizi "telegram"da izləyin