Qurumdan
Ordu.az-a verilən məlumata görə, son illərdə beynəlxalq tibbi təşkilatlarla, nüfuzlu səhiyyə ocaqları ilə faydalı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi üzrə əhəmiyyətli işlər görülüb.
Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı ilə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyəti, “Ambroise Pare” adına Beynəlxalq Hərbi Cərrahlar Forumu arasında sıx əlaqələr yaradılıb, sərhədçi cərrahların beynəlxalq təşkilatların işində fəal iştirakı nəticəsində DSX hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə “Ambroise Pare” adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər üzrə prezidenti seçilib.
Beynəlxalq hərbi cərrahlar cəmiyyətində səmərəli fəaliyyətinin nəticəsi olaraq, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq DSX hərbi hospitalının rəisi nüfuzlu “Michael E.DeBakey adına Beynəlxalq Cərrahlar Mükafatı”na layiq görülüb.
14 mart 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Betesda şəhərində keçirilmiş təqdimetmə mərasimində ABŞ-ın hərbi tibb üzrə nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, görkəmli cərrahlar iştirak edib, tədbirdə tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə “Hərbi və mülki səhiyyə xidmətinin vahid hospital idarəçiliyi altında optimal inteqrasiyası: Azərbaycan modeli” mövzusunda çıxış edib.
Sərhədçi cərrahın beynəlxalq səviyyədə növbəti uğuru Dövlət Sərhəd Xidmətinin hərbi tibb sahəsində innovativ yanaşmaların və qabaqcıl təcrübənin tətbiqinə, şəxsi heyətin tibbi təminatının təkmilləşdirilməsinə öz əhəmiyyətli töhfəsini verəcək.
Ordu.az