İraqın yarımhərbi qoşunları büdcə kəsintilərinə qəzəblənib

2018/03/8c6ae6b0c4de4be58567df7b9180ea19_18456456_1520236301.jpg
Oxunub: 3309     15:51     05 Mart 2018    
İraqın yarımhərbi qoşunları ölkənin illik büdcəsində onlara ödənişin göstərilməməsini ciddi etirazla qarşılayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun gecikmədən sonra ötən həftənin şənbə günü İraq parlamenti 2018-ci il üzrə büdcə layihəsini təsdiqləyib.

Büdcə ümumilikdə 88 milyard dollarlıq xərcləri əhatə etsə də, İraq sərhədlərinin müdafiəsində iştirak edən yarımhərbi qoşunlara əlavə yatırımla bağlı heç bir maddə layihədə yer almayıb. Büdcə qeyd edilən kəsintilərlə də təsdiqlənib.

Yarımhərbi qoşunların komandirləri isə onlara ödənişin nəzərdə tutulmamasını xəyanət kimi dəyərləndirib və İŞİD-ə qarşı 3 ildir aparılan müharibədə verdikləri qurbanlara qarşı hörmətsizlik olduğunu dilə gətiriblər. Onlar İraq hökuməti və parlamentini bu yanlışlığı dərhal düzəltməyə çağırıblar.

Qeyd edək ki, büdcədə yarımhərbi qoşunların maaşları üçün 844 milyon dollar vəsait ayrılacağı göstərilib ki, bu da 142 min əsgəri olan qoşunların sadəcə 110 mininə kifayyət edir. Bu əsgərlərin aylıq maaşı 700 dollar nəzərdə tutulsa da, komandirlər nadir hallarda 400-425 dollara qədər maaş ala bildiklərini bildirirlər.

Bəzi hərbi ekspertlər isə yarımhərbi qoşunların razı salınmamasının İraqın daxilində bəzi çaxnaşmalara yol aça biləcəyini və İraqın stabilliyinə təhdid meydana gətirə biləcəyini vurğulayır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Yarımhərbi-qoşunlar  


Bizi "telegram"da izləyin