Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan qanunsuz hərbi birləşmələrdən birinin idman şəhərciyində, 1 il əvvəl naməlum səbəblərdən ölən müddətli xidmət hərbi qulluqçusu Hrant Qriqoryanın işi üzrə 1 fevral tarixinə təyin edilən məhkəmə iclası yenə də təxirə salınıb.
Qeyd edək ki, ölən erməni əsgəri Hrant Qriqoryanı döyməkdə, təhqir etməkdə taqım komandiri V. Balayan təqsirli bilinir. Ölən Hrant Qriqoryanın atası Qaruş Qriqoryan, onun oğlunu keçmişdə digər əsgərlərin də döydüyünü bildirir.
İttihama görə, taqım komandiri hadisə baş verməzdən bir gün qabaq, Qriqoryana qarşı fiziki zorakılıq edib. Qaldırılan cinayət işi çərçivəsində taqım komandiri həbs edilib.
Xatırladaq ki, Hrant Qriqoryan 17 iyun 2016-cı il saat 10:45 radələrində Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birinin idman şəhərciyində, naməlum şəraitdə odlu silah yarasından ölüb.
Alpər Mövludoğlu
Ordu.az