Ermənistan kosmosdan Azərbaycanı güdəcək? – Xarici ekspertlər (EKSKLÜZİV)

2018/01/10456_1515227575.jpg
Oxunub: 3261     16:24     06 Yanvar 2018    
Daha öncə xəbər verdiyimiz kimi, 28 sentyabr 2017-ci ildə təqdim edilən 2018-ci il üçün Ermənistan dövlət büdcəsində hərbi xərclər 17,6 faiz artaraq 440,4 milyon dollardan 518 milyon dollaradək artacaq. Lakin yerdə hərbiləşdirmənin gücləndirilməsi hərbi-siyasi rəhbərliyə kifayət deyil və indi Sarkisyanın cinayətkar klanı kosmosda da hərbiləşdirmə proqramını həyata keçirməyə çalışır. Bunu bir sıra faktorlar sübut edir.

Birincisi – 2017-ci ilin noyabr ayında “Geokosmos” QSC-nin (bu yaxınlarda Rusiyada ləğv edilən eyniadlı şirkətlə qarışdırmamaq lazımdır) yaradılması. “Geokosmok” QSC-nin mülkiyyətinin dəyəri 419 milyon dram olaraq müəyyənləşdirilib, bu məbləğin 300 087 340 dramı pul vəsaiti şəklində, 118 912 660 dramı isə mülkiyyət formasındadır. Rəsmi bəyan edilən məqsəd “Geokosmos” QSC stansiyasının işlək vəziyyətə gətirilməsi, texniki proqram kompleksinin modernləşdirilməsi və istifadə olunmasıdır.

İkincisi – Ermənistan rəhbərliyi tərəfindən QSC üçün ilkin kapital qismində 625 min dollar vəsaitin ayrılması. Hətta Spitak zərzələsi qurbanlarını indiyədək sağaltmağa qadir olmayan dilənçi Ermənistan üçün Sarkisyanın yalnız bir meteostansiyanın işlək vəziyyətə gətirilməsinə vəsait ayırması yetərincə ciddi məbləğdir.

Üçüncüsü – “Geokosmos” QSN-nin fəaliyyəti barədə bütün məlumatlar dərhal ciddi şəkildə gizlədildi.

Dördüncüsü – Yeni şirkətə kuratorluq Ermənistan Müdafiə Nazirliyinə həvalə olunub, bu isə açıq şəkildə göstərir ki, ermənilər onu birmənalı olaraq hərbi məqsədlər üçün istifadə edəcək. Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da “yeni yaradılan ““Geokosmos” QSC ilə əməkdaşlıq etmək qərarı xüsusən kosmik texnologiyaların istifadəsi ilə Ermənistanın hərbi kəşfiyyat imkanlarının genişləndirilməsinə xidmət edəcək” deyə etiraf edib.

Düşmən tərəfin fəaliyyəti Dağlıq Qarabağ ətrafında Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənmədiyini nəzərə alaraq, Azərbaycanda nəzərdən qaça bilməzdi.

Ordu.az redaksiyası Ermənistanın daha bir arzusu – bu dəfə “kosmik güc”ə çevrilmək xülyası haqqında tanınmış xarici hərbi ekspertlər arasında sorğu keçirərək onların fikirlərini öyrənib.

Məşhur rusiyalı hərbi ekspert Aleksey Xlopotov: “Əvvəlcə “Geokosmos”un hansı mahiyyət daşıdığını başa düşmək lazımdır. Əgər qeydlər və bir neçə dolayı məlumatlara istinadən mühakimə yürütsək, Ermənistanın kommersiya peykləri ilə yürüstü ərazinin monitorinqinin həyata keçirilməsi ilə məlumatların əldə edilməsi üzrə ixtisaslaşan kommersiya strukturu yaratdığını iddia edə bilərik. Yəni Ermənistan Müdafiə Nazirliyi “Google Earth”, “Wikimapia”, “SAS Planet”in istənilən istifadəçisi kimi məlumatlardan istifadə edə biləcək, sadəcə daha geniş versiyada: onlar real zaman şəkillərini ala biləcəklər – bundan başqa heç nə. İlkin məbləğ qismində Ermənistan rəhbərliyi QSC-yə onun işlək vəziyyətə gətirilməsi – təmiri, həmçinin proqram-aparat hissələrinin modernləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan vəsaiti ödədi.


Stansiyanın özü barədə məlumat yoxdur. Bunun Rusiyanın “Geokosmos” layihəsinin bir parçası olması da mümkündür. 1993-cü ildə Moskva ətrafındakı Koroyevdə dəqiqliklə bu adda təşkilat qeydiyyatdan keçib. Rəsmi olaraq bu şirkət 2016-cı ilin dekabrında ləğv edildi, lakin şirkətin rəsmi saytı 2012-ci ilin ortalarından yenilənmirdi. Şirkət geodeziya xidmətləri kompleksinin göstərilməsi ilə məşğul olurdu, yerlər və relyefin üçölçülü rəqəmsal modellərini, yüksək dəqiqlikli ortofotoplanlar, istənilən miqyasda topoqrafik və xüsusi xəritələr yaratmaq imkanına malik idi. Şirkətin dünyanın bir sıra ölkələrində filialları var idi.

Beləliklə, erməni “Geokosmos”unu yalnız böyük çətinliklə kəşfiyyat məntəqəsi adlandırmaq olar. Bu sadəcə kommersiya peyklərindən məlumatların götürülməsi və yüklənməsi stansiyasıdır. Bundan başqa heç nə. Əlbəttə, bu məlumatlar Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyanın bəyan etdiyi kimi hərbi sahədə də istifadə oluna bilər. Düşünürəm ki, stansiyanın modernləşdirilməsi çərçivəsində Rusiya hərbi peyklərindən məlumatların alınması da mümkündür. Lakin son illərdə hələ keç kim və heç bir şəkildə bunu bəyan etməyib. Odur ki, onun real imkanları barədə sadəcə təxminlər etmək mümkündür.

Əlbəttə, “komsik fotoşəkillər” vasitəsilə qonşu ölkələrin ərazisində kəşfiyyat aparılması fikri o qədər də inandırıcı deyil. Unutmayaq ki, Ermənistan çox kasıb ölkədir – bu, brincisi. İkincisi, mümkündür ki, bəyan edilən məbləğ yalnız stansiyanın qaydaya salınması üçündür. Həmçinin bizə hökumətlərarası danışıqlar məlum deyil – ola bilər ki, Rusiya öz peyklərinin məlumatlarını pulsuz və ya çox güzəştli şərtlərlə bölüşə bilər. İstənilən halda, ermənilərin özlərinə məxsus kəşfiyyat peyklərinin buraxılmasından danışmaq prinsipial olaraq doğru deyil”.

Ukrayna hərbi eksperti Sergey Qrabski: “Ermənistan müstəqil şəkildə bənzər strukturu təşkil etmək iqtidarında deyil. Ermənistanın müstəqil şəkildə qərar qəbul etməsi və ən əsası, kosmik kəşfiyyatla bağlı müstəqil, qeyd edirəm, müstəqil və yetərli vasitələrin yaradılmasını müstəqil şəkildə icra etməsinə çox böyük şübhə ilə yanaşıram. Şübhə edirəm ki, Ermənistan həqiqətən kosmik kəşfiyyat vasitələrinə ehtiyac duyur. Bağışlayın, lakin münaqişənin səviyyəsi kosmik fəşfiyyat kimi çox bahalı kəşfiyyatın aparılması vasitələrinin istifadəsinin zəruriliyini istisna edir! Ən əsası, Ermənistan iqtisadiyyatı bu tip kəşfiyyatın yaradılması və inkişafını istisna edir.


Mənə elə gəlir ki, biz burada məhz Rusiyanın maraqlı çərçivəsində Rusiyanın özü tərəfindən kəşfiyyat aparılması və kəşfiyyat məlumatlarının əldə edilməsi üzrə məntəqənin yaradılmasını müşahidə edirik. Hazırki vəziyyətdə Ermənistan öz müttəfiqi üçün ərazi və “operativ örtük” təqdim edir. Təbii ki, Buna görə, Ermənistan onun üçün maraqlı olan, o cümlədən münaqişə zonasında Azərbaycan mövqeləri barədə məlumatlar əldə edəcək.

Sual başqadır – bu məlumat nə dərəcədə aktual olacaq? Bütün şəkillər “istehlakçılara” müəyyən bir müddətdən, məsələn, bir gündən sonra ötürüləcək, yəni bu məlumatın dəyəri andakı həqiqəti əks etdirmədiyindən əhəmiyyətli olmayacaq.

Bununla əlaqədar olaraq, erməni “Geokosmos”unun prespektivləri tamamilə Rusiyanın operativ tələbatlarından asılıdır. Məhz bu səbəbdən elan edilən büdcə də çox qətiyyətsiz səslənir. Elan edilən büdcə həqiqi kosmik kəşfiyyat üçün zəruri olan xərcləri ödəyə bilməz. Təxmin etməyə cəsarət toplayaraq bildirirəm ki, səsləndirilən rəqəm “aysberq”in görünən hissəsidir, onun altında isə Rusiyanın regionda öz mövcudluğunu gücləndirmək məqsədi gizlənir”.

Belarus hərbi eksperti Sergey Martselyev: “Ermənistanın kosmik proqramı artıq bir neçə ildir ki, bir yerdə dayanaraq fırlanır. 5 il öncə rusiyalı həmkarlar artıq 2017-ci ilə erməni peykini buraxmağa söz vermişdilər, Ermənistan isə kosmik proqram üçün 250 milyon dollar ayırmağa hazır idi, lakin müqavilə imzalanmadı. Rusiya Dövlət Dumasının iki il öncəki razılaşmasını qeyd etmək yerinə düşər, orada ermənilər üçün kosmik aparatın müddəti 2020-ci ilədək irəliyə çəkilirdi. Ermənistan üçün şəxsi peyk yalnız kəşfiyyat məlumatları deyil, həm əlaqə, həm də prestij məsələsidir, həmçinin SSRİ dövründə hazırlanan texnologiyalar var, ABŞ-dakı erməni diasporunun 150-dən çox nümayəndəsi isə kosmik sənaye sahəsində çalışır.


Bakı öz peykini artıq çoxdan kosmosa buraxıb, eynilə Ermənistanın KTMT üzrə həmkarları Belarus və Rusiya kimi. Təbii ki, bəyan edilən 625 min dollar layihənin tezliklə başlayacağını iddia etmək üçün çox azdır, lakin bunu Ermənistan siyasi iradəsinin bəyannaməsi kimi də qiymətləndirmək olar. Həmçinin KTMT ölkələri birtərəfli mövqe tutmağa və Azərbaycanla əlaqələrini pisləşdirməyə can atmırlar”.

Analitik, “Consultations on international policy and economy”nin prezidenti Fikrət Şabanov: “Ermənistanın “Geokosmos” təşkilatı ilk növbədə Rusiyanın hərbi-strateji və hərbi-siyasi maraqlarına xidmət edir. Eynilə KTMT çərçivəsində və Rusiyanın öz sərhədlərindən kənarda təhlükəsizlik kəmərinin yaradılması çərçivəsində olduğu olduğu kimi. Ermənistan isə öz növbəsində bu məlumatları manupulyasiya etməyə, bir növ qonşu ölkələrin əraziləri barədə müəyyən kəşfiyyat məlumatları alacağını göstərməyə çalışır. Bu, erməni dezinformasiyasıdır.


Ermənistanın büdcəsini nəzərə alaraq onun qonşu dövlətlərin ərazisi üzərində kosmik kəşfiyyat yerinə yetirməsi mümkünsüzdür. Kosmik layihənin maliyyələşdirilməsinin iki istiqamət üzrə həyata keçirilməsi mümkündür – Rusiyanın Ermənistana hərbi məhsullarla təchiz edilməsi təyinatlı 200 milyon dollar dövlət krediti çərçivəsində və ya kosmik müdafiə proqramının yaradılması üzrə KTMT üzv ölkələrinin vahid büdcəsi çərçivəsində. Lakin “Geokosmos” QSC-nin gələcəyi yoxdur və bu təşkilatın Rusiyanın texniki xidmətləri, hərbi-strateji təyinatlı kosmik xidmətləri üçün müəyyən informasiya baza dəftərxanası resursu qismində qalması mümkündür”.

Seymur Məmmədov
Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Geokosmos   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin