Məlum olduğu kimi, Qazaxıstan və Azərbaycan iki qardaş türk dövlətidir. Azərbaycanlılar özkəmizin təmsil olunduğu beynəlxalq strukturlarda Azərbaycanın dəstəklənməsinə görə, Qazaxıstana hədsiz minnətdardırlar. Qazaxıstanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi beynəlxalq strukturlarda bizə göstərdiyi və göstərməkdə olduğu dəstəyi xatırlayırıq.
Budur, indi qardaş Qazaxıstan dünya siyasi strukturunun zirvəsinə - BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir. Burada yetərincə məntiqli sual doğur: Qazaxıstan BMT Təhlükəsizlik Şurasında Ermənistan tərəfindən Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi məsələsini qaldıracamı?
Ordu.az bu suala cavab verməyi məşhur qazax politoloqlar Aydos Sarım və Rəsul Cumalıdan xahiş edib.
Aydos Sarımın fikrincə, hazırki şəraitdə Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsini qaldıracağı o qədər də inandırıcı deyil.
“Əlbəttə, bizim tərəfimizin bu sualı BMT-də qaldırması çox düzgün olardı. Lakin hazırki vəziyyətdə hadisələrin belə gedişatı o qədər də inandırıcı deyil. Hesab edirəm ki, sədrlik özündə yalnız piar imkanları daşımır, bu həm də geosiyasi risklərdir. Xüsusən də indiki dövrdə. Şərait hər zaman xoşagəlməz seçimlərə, kiminsə tərəfini tutmağa vadar edir. Bu isə bizim şərtlərimizdə çətin və məşəqqətlidir. Lakin hər necə olsa, kurs elə qurulmalıdır ki, hər zaman dəyişikliyin qeyd olunması və praqmarizmə cəhd edilməsi nümayiş etdirilsin.
Bizim bu sədrlik çərçivəsindəki təşəbbüslərimizin böyük əksəriyyəti yüksək hədəflərdir, lakin onların həlli çətindir. Biz bu problemlərin həll edilməsi üçün heç bir açara malik deyilik, biz qaydaları müəyyənləşdirmirik. Müvafiq olaraq, bizim təşəbbüslərimiz çətinliklə əldə edilə, o cümlədən vəsiyyət şəklində saxlanıla da bilər.
Edə biləcəyimiz ən yaxşı şey heç olmasa bir regional məsələsinin həll edilməsi və ya həll edilməsinə başlamaq olar. Ən azından güzşətlərimizin hər hansı faydası olar. Özümüzə də faydalı olar, tərəfdaşlarımız da bizim praqmatizmimizi anlayarlar. Belə məsələlərdən 3-nü görürəm: a) Aral dənizi; b) su problemi və çayın transsərhədləşməsi; c) əfqan narkotik tranziti. Əgər bu baş verərsə, bizim BMT Təhlükəsizlik Şurasındakı sədrliyimizi çox uğurlu hesab etmək olar”, - deyə A. Sarım bildirib.
Öz növbəsində Rəsul Cumalı təxmin edir ki, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında Qarabağa dair qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsini qaldıracağını istisna etmək olmaz.
“Belə ehtimal mövcuddur. Onun nə qədər yüksək olmasını isə iddia edə bilmərəm. Belə ki, bu məsələyə bizim BMT-dəki rəsmi diplomatik nümayəndələrimiz cavab verməlidir. Bununla belə, istərdim ki, Qazaxıstan BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldırsın. Həmçinin Qarabağ münaqişəsi yalnız türk dünyası üçün deyil, bütün postsovet ərazisi üçün ən həyati məsələlərdən biri, sağalmamış yaradır. Qazaxıstanın bu məsələdə mövqeyini özünüz də bilirsiniz, mövqeyimiz yetərincə prinsipialdır. Astana qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyü məsələsini dəstəkləyir.
Qazaxıstanın BMT Təhlükəsizlik Şurasındakı sədrliyinin sadə olmayan zamana təsadüf etməsi isə başqa məsələdir. Beynəlxalq gündəmdə Suriya, KXDR, Ukrayna, Venesuela, İran kimi problemlər aktualdır. Həmçinin Qazaxıstanın BMT TŞ-dəki sədrliyi ona istiqaməti müəyyənləşdirmək imkanı vermir. Bu, aparıcı dünya oyunçularının düşüncələrinin nəzərə alınması və onlara moderatorluq etməkdir. Eləcə də Qazaxıstan vətəndaşı və vətənpərvər insan kimi Qazaxıstanın Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurası qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsinin qaldırılmasını çox istəyərdim”, - deyə R. Cumalı qeyd edib.
Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov