Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel döyüşlərində iştirak etdikdən aylar sonra işğal altında olan Hadrutda yerləşən hərbi hissələrdən birində öz zabitləri tərəfindən açılan atəşlə, baş nahiyəsindən güllə yarası alan erməni əsgəri Albert Dəlləkyanın anası onun Almaniyada müalicəsi üçün pul dilənir.
Ermənistan ordusunun zabiti Avaq Nahapetyan tərəfindən açılan atəş nəticəsində beyininin bir hissəsi zədələnmiş və 1-ci qrup əlil olmuş keçmiş əsgərin müalicəsinə görə müdafiə nazirliyinə edilən müraciətə rədd cavabı verilib. Bildirilib ki, onun sonrakı müalicəsi müdafiə nazirliyinin səlahiyyətləri xaricindədir. Onlara səhiyyə nazirliyinə müraciət etməyi məsləhət görüblər.
Səhiyyə nazirliyi də xaricdə müalicə üçün pul ayırmaqdan imtina etməklə, cərrahiyyə əməliyyatının Ermənistanda aparılmasını təklif edib. Lakin yaralı erməni əsgərinin anasının dediyinə görə, Ermənistanda bu cür əməliyyat köhnə üsullar və köhnə avadanlıqlarla aparılır. Bu sahədə Ermənistanda tək bir mütəxəssis var. O, əməliyyatın riskli olduğundan, onun Ermənistanda həyata keçirilməsi təklifindən imtina edib. Erməni əsgər anası, 26 gün komada olduqdan sonra ayılan oğlunu yenidən təhlükə altına salmaq istəmədiyini bildirib.
"Oğlum Ermənistanda 3 dəfə başından uğurlu əməliyyat keçirib. Son əməliyyatı Almaniyada həyata keçirmək üçün 40 min avro tələb olunur. Yaralı Albert Dəlləkyan Rusiyada təhsilini yarımçıq qoyub, geri Ermənistana hərbi xidmətə qayıdıb, idmançı olub, sağlam orduya gedib, indi yarımcan edib mənə qaytarırlar vəssalam", - deyə erməni anası şikayətlənib.
Dəlləkyanın anasının sözlərinə görə, oğlunu silahla yaralamış zabit hazırda "qüsursuz xidmət"ini ön xətt mövqelərində (Hadrutda yerləşən hərbi hissədə) hələ də davam etdirir. O, bu günə qədər məsuliyyətə cəlb edilməyib, cinayət işinin araşdırılması isə hələ də davam edir.
Xatırladaq ki, Albert Dəlləkyan 24 iyun 2016-cı ildə saat 16:10 radələrində ön xətt mövqelərindəki hərbi hissələrdən birinin qazmasında (blindaj) taqım komandiri tərəfindən açılan atəş nəticəsində başından ağır yaralanıb. Erməni əsgərini ağır yaralayan leytenant Avaq Nahapetyan məhkəmədə hərbi hissə tərəfindən verilmiş, qüsursuz xidmət etdiyinə dair xasiyyətnamə təqdim edib. Erməni əsgərini yaralayan zabit, bugünədək həmin əsgərin vəziyyəti ilə maraqlanmayıb.
Alpər Mövludoğlu
Ordu.az