Bu barədə
Ordu.az-a Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş kəşfiyyat rəhbəri, kontr-admiral Soner Polat bəyan edib.
Onun sözlərinə görə, son zamanlarda Rusiya-Türkiyə əlaqələrinin istiləşməsi hiss olunur.
“Bu çox yaxşı haldır. Moskva və Ankara indi əməkdaşlıq edirlər, bunu bütün istiqamətlər, o cümlədən hərbi sahədə əməkdaşlıq da adlandırmaq olar. Qətiyyətli sübut qismində Rusiya ilə S-400-lərin alışına dair razılaşmanı misal gətirmək olar, bu isə Qərbdə birmənalı qarşılanmadı. İki ölkə arasında hərbi əməkdaşlığın davamlı olacağı istisna deyil.
Həmçinin Rusiya və Türkiyə bu gün Suriya istiqamətində birgə çalışır, İŞİD və digər radikal qruplaşmalarla mübarizə üzrə əməliyyatlarda iştirak edirlər. Mən hələ iki ölkə arasında ticari-iqtisadi əlaqələrinin möhkəmlənməsindən bəhs etmirəm. Bütün bu faktlar Türkiyə və Rusiya arasında əməkdaşlığın 2018-ci ildə də davam edəcəyini söyləməyə əsas verir”, - deyə S. Polat bildirib.
Türkiyəli kontr-admiral bildirib ki, Azərbaycan Moskva və Ankaranın barışdırılmasında özünəməxsus rol oynayıb.
“Türkiyədə bunu yaxşı xatırlayırlar. Dağlıq Qarabağın status-kvosu təbii ki, dəyişdirilməlidir. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalından xeyli müddət keçib, lakin Qarabağ ətrafında status-kvo dəyişməz olaraq qalır, bu isə ermənilərə sərf edir. Ermənistan bu torpaqları sahibinə - Azərbaycana qaytarmalıdır.
Hesab edirəm ki, Qarabağ münaqişəsi Qərbin iştirakı olmadan Azərbaycan, Rusiya, Türkiyə və İran arasında mövcud olan qarşılıqlı anlaşma əsasında tənzimlənə bilər. Qərb bu münaqişəyə qarışmamalıdır”, - deyə Polat bəyan edib.
Müsahibimizin sözlərinə görə, Türkiyə öz növbəsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə Azərbaycana dəstək göstərməyə davam edəcək.
“Münaqişə zonasında 4 gün davam edən aprel döyüşlərinə gəlincə isə, birmənalı olaraq Azərbaycan Ordusu öz gücünü nümayiş etdirdi və işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsinə nail oldu. Qeyd-şərtsiz, Azərbaycan Ordusu Ermənistan ordusundan dəfələrlə güclüdür. Əminəm ki, Azərbaycan 2018-ci ildə də öz Ordusunun maddi-texniki bazasını modernləşdirməyə, o cümlədən gücünü artırmağa davam edəcək”, - deyə Polad fikrini yekunlaşdırıb.
Seymur Məmmədov
Təercümə etdi: Ağalar Qəribov
Ordu.az