Trampın təklifinə Moskvanın “Yox” cavabı: Lavrov xüsusi nümayəndə Uitkofun yolunu necə bağladı?

2026/06/1782414150.jpg
Oxunub: 198     23:02     25 İyun 2026    
Gözlənildiyi kimi, Rusiya G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın Ukrayna cəbhəsində mövcud təmas xətti boyunca atəşkəs elan edilməsi təklifini rədd edib. “Rusiya qeyri-müəyyən perspektiv naminə hərbi əməliyyatları dayandıra bilməz”, - deyə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib. Hesab edilir ki, bununla o, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkofun Moskvaya səfəri ərəfəsində “yolu bağlayıb”. Çünki müharibənin dayandırılması ilə bağlı Trampın açıq şəkildə səsləndirdiyi variantdan başqa, Vaşinqtonun ən azı indiki mərhələdə yeni həll yolu təklif etməsi çətin görünür.

Bundan əvvəl Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov açıq şəkildə bəyan etmişdi ki, Ukraynaya qarşı müharibədə Rusiyaya “yalnız qələbə lazımdır”. Bəs buna necə nail olmaq olar? Kommunist Partiyasının lideri Gennadi Züqanov vətəndaşların bank əmanətlərinin milliləşdirilməsini təklif edib. Onun sözlərinə görə, bu əmanətlərin həcmi 67 trilyon rubl təşkil edir və onlar “büdcədəki boşluqları doldura bilər”. Politoloq, filosof və avrasiyaçılıq ideoloqu Aleksandr Duqin isə Prezident Vladimir Putinin “Vətən müharibəsi elan etməsini” gözləyir.

“Qərbin ekspert dairələri belə hesab etməklə yanılırlar ki, lazım gələrsə, Rusiya sərt addımlar atmayacaq”. Bu gün Rusiya mediasında üstünlük təşkil edən yanaşma əsasən bu “matris” əsasında formalaşdırılır. Bəzi hallarda nümunə kimi Şimali Koreya göstərilir və bildirilir ki, həmin ölkə “heç bir tərəddüd etmədən tam avtarxiyaya keçib”. Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya açıq şəkildə dəstək verən yeganə ölkədir. Bu dəstəyə canlı qüvvə göndərilməsi də daxildir.

“Avtarxiya”ya, yəni tam iqtisadi özünütəminetmə modelinə keçid siyasi və idarəetmə sisteminin maksimum mərkəzləşdirilməsini, daha sadə desək, diktatura rejiminin qurulmasını nəzərdə tutur. Rusiyanın bəzi “Telegram” kanalları “Dövlət Dumasına seçkilərin təxirə salına biləcəyinə” işarə ediblər. Nisbətən liberal mövqeyi ilə seçilən “Nezavisimaya qazeta” bu məlumatı dolayısı ilə təsdiqləyərək yazıb ki, “hərbi vəziyyət şəraitində təkcə yeni regionlarda deyil, həm də sərhədyanı vilayətlərdə ənənəvi səsvermənin təşkili ciddi problem yaradır”.

Ukraynanın pilotsuz uçuş aparatları və raketləri təkcə Rusiyanın Avropa hissəsində deyil, Sibirdə də hədəfləri vurur. İstisna deyil ki, “əhalinin təhlükəsizliyini təmin etmək” adı ilə Dövlət Dumasına seçkilər təxirə salınsın və ya səsvermə məsafədən elektron formada keçirilsin. Bu isə faktiki olaraq səsvermənin baş tutmaması, lakin “seçkilərin keçirilmiş hesab edilməsi” anlamına gələcək. Hər iki halda ehtimal olunur ki, Rusiya Prezidenti Vladimir Putin “rəsmi səfərbərlik elan edəcək və Ukrayna nasizminə qarşı Vətən müharibəsi elan edəcək”.

Bəzi ekspertlər hesab edirlər ki, Rusiyanın hərbi-siyasi rəhbərliyində “hələ də hamı avtarxiyaya keçidin zəruriliyini qəbul etmir”. Kremlin “sorosçu-demokratları”nın kimlər olduğu barədə hələlik heç bir məlumat sızmayıb. Lakin onların həqiqətən mövcud olduqları təqdirdə belə, qərarların qəbuluna ciddi təsir göstərmələri ehtimalı olduqca zəifdir. Məhz bu günlərdə Moskva rayon məhkəmələrindən biri liberal “Yabloko” partiyasının sədr müavini Maksim Kruqlovu yeddi il müddətinə azadlıqdan məhrum edib. Rusiya İstintaq Komitəsi onu Rusiya ordusu barədə “nüfuzdan salan paylaşımlar” etməkdə ittiham edib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Moskva   Lavrov   Uitkof  


Bizi "telegram"da izləyin