Polşa Baş nazirinin müavini: “Rusiya NATO ölkəsinə qarşı “saxta bayraq” əməliyyatı təşkil edə bilər”

2026/06/1782451091.jpg
Oxunub: 247     09:18     26 İyun 2026    
Polşanın Baş nazirinin müavini Radoslav Sikorski Rusiyanın yaxın iki il ərzində NATO üzvü olan dövlətlərdən birinə qarşı “saxta bayraq” əməliyyatı təşkil edə biləcəyini istisna etmədiyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.

Sikorskinin sözlərinə görə, Rusiya öz ərazisində təxribat törədərək bunu sonradan NATO ölkəsinə hücum üçün bəhanə kimi istifadə edə bilər.

O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinə belə addımların əvvəlcədən məlum olduğu və qəbuledilməz hesab ediləcəyi açıq şəkildə çatdırılmalıdır. Sikorski qeyd edib ki, NATO ərazisinə istənilən hücum cavabsız qalmayacaq.

Polşa Baş nazirinin müavini əlavə edib ki, onun fikrincə, Ukraynanın uğurlu müqaviməti Rusiyanın hərbi imkanlarını zəiflədib və NATO-nun şərq cinahına qarşı gərginliyi artırmaq imkanlarını məhdudlaşdırıb.

Onun sözlərinə görə, döyüş meydanındakı vəziyyət xətti şəkildə inkişaf etmir, lakin Rusiyanın təşəbbüsü əlində saxladığı hazırkı mərhələ başa çata bilər.

Sikorski Polşanın Ukraynaya silah tədarükündə əsas rol oynadığını da vurğulayıb. O bildirib ki, Qərb ölkələrinin hərbi yardımlarının böyük hissəsi Polşa-Ukrayna sərhədindən keçir.

O, eyni zamanda Polşa ilə Ukrayna arasında tarixi məsələlərdən qaynaqlanan gərginliyin mövcud olduğunu xatırladaraq Rusiyanın bu fikir ayrılıqlarından istifadə etməsinə imkan verilməməsinə çağırıb.

Sikorski bildirib ki, Ukrayna ilə Rusiya arasında mümkün danışıqlar vasitəçilər olmadan birbaşa Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında aparılmalıdır.

Onun sözlərinə görə, Qərb ölkələri münaqişədə neytral tərəf deyil, təcavüzə məruz qalmış Ukraynanı dəstəkləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya   NATO  


Bizi "telegram"da izləyin