İtaliya və Fransa keçmiş Rusiya hərbçilərinin Avropa İttifaqına girişinin qadağan edilməsinə ehtiyatla yanaşır

2026/05/1780067797.jpg
Oxunub: 230     09:29     26 İyun 2026    
İtaliya və Fransa keçmiş Rusiya hərbçilərinin Avropa İttifaqı ərazisinə girişinin qadağan edilməsini nəzərdə tutan təşəbbüsə ehtiyatla yanaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təklif edilən məhdudiyyətlər Rusiyaya qarşı sanksiyaların 21-ci paketinin layihəsinə daxil edilib. Avropa İttifaqı bu paketi Ukraynada davam edən müharibəyə cavab olaraq hazırlayır.

Mənbələr bildiriblər ki, Avropa İttifaqına üzv dövlətlər yeni tədbirləri cümə günü keçiriləcək görüşdə müzakirə etməyi planlaşdırırlar.

Onların sözlərinə görə, Paris və Roma hələlik bu təşəbbüsü tam dəstəkləməyə hazır deyil və qapalı müzakirələr zamanı müəyyən şübhələrini ifadə edirlər. Bununla belə, etirazların təfərrüatları açıqlanmayıb.

Sanksiyaların 21-ci paketi Brüsselin Rusiyaya qarşı təzyiqləri daha da gücləndirmək istiqamətində atdığı növbəti addım hesab olunur.

Bundan əvvəl Avropa İttifaqı liderləri məhdudlaşdırıcı tədbirləri davam etdirmək, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq, “kölgə donanması”nın fəaliyyətinə qarşı mübarizə aparmaq və Rusiyanın maliyyə sektoruna təzyiqləri artırmaq niyyətində olduqlarını bəyan etmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Fransa   Rusiya    


Bizi "telegram"da izləyin