Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri “Qərb güzəştlərə getməyə imkan vermir” başlıqlı məqaləsində yazıb.
“Məsələ ondadır ki, onlar “Qarabağın satılması”ndan sonra Ermənistanda təşviq etdikləri anti-Rusiya əhval-ruhiyyəsinin ciddi nəticələr verəcəyini və iyunun 7-də Rusiyaya yaxın hesab olunan qüvvələrin kütləvi şəkildə rədd ediləcəyini gözləyirdilər. Lakin məlum olub ki, cəmiyyət Nikol Paşinyanı o qədər rədd edir ki, hətta Rusiyaya meyilli müxalif qüvvələrə də səs verməyə hazırdır”, - deyə nəşr qeyd edib.
Nəşrin məlumatına görə, seçkilərdə müxalifət qüvvələrinin topladığı yarım milyondan çox səs Qərb mərkəzləri üçün gözlənilməz olub. Məqalədə iddia edilir ki, Qərbdə Ermənistan cəmiyyətində formalaşdırılmağa çalışılan anti-Rusiya əhval-ruhiyyəsinin daha nəzərəçarpan nəticələr verəcəyi gözlənilirdi.
“Qərb Nikol Paşinyana Rusiyayla münasibətlərdə güzəştlərə getməməsi üçün mümkün təzyiqlər göstərir. Mənbələrin sözlərinə görə, plan bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin anti-Rusiya siyasəti Moskvanı daha da qəzəbləndirsin və nəticədə Rusiya iqtisadi sanksiyaları sərtləşdirsin.
Belə bir ssenaridə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin daha da güclənəcəyi, qarşıdurmanın dərinləşəcəyi və bunun fonunda Paşinyanın KTMT-dən çıxmaq, eləcə də Ermənistandakı 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması istiqamətində addımlar ata biləcəyi hesab olunur”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az