Ekvadorun 10 əyalətində artan cinayətkarlıq səbəbindən fövqəladə vəziyyət elan edilib

2026/06/1781665893.jpg
Oxunub: 185     05:14     17 İyun 2026    
Ekvador Prezidenti Daniel Noboa ölkənin on əyalətində və üç bələdiyyəsində 60 gün müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

Ordu.az xəbər verir ki, rejim mənzillərdə axtarış aparılmasından və yazışmaların yoxlanılmasından müdafiə də daxil olmaqla, bir sıra konstitusiya təminatlarının fəaliyyətinin dayandırılmasını nəzərdə tutur.

Təhlükəsizlik qüvvələri binalarda mütəşəkkil silahlı qruplaşmaların və ya cinayətkar təşkilatların üzvlərinin olması barədə məlumat olduqda dərhal axtarış aparmaq hüququ qazanırlar.

Bundan başqa, hüquq-mühafizə orqanlarına təhdidlərin qarşısının alınması və neytrallaşdırılması üçün zəruri olan məlumatları toplamaq və təhlil etmək icazəsi verilib. Hakimiyyət orqanları həmçinin təhlükəsizliyin təmin edilməsi üçün lazım olsa, qanunsuz mal və xidmətləri müvəqqəti müsadirə edə bilərlər.

Sənəddə qeyd olunub ki, son vaxtlar Ekvadorda mütəşəkkil cinayətkar qrupların fəaliyyəti ilə bağlı silahlı hücumların və digər cinayətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hakimiyyət orqanlarının məlumatına görə, qətllər, hədə-qorxu ilə tələb etmələr, adam oğurluğu, qarətlər və qanunsuz narkotik dövriyyəsi ictimai vəziyyəti pozmaqda və ölkənin iqtisadi fəallığına mənfi təsir göstərməkdə davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ekvador   Fövqəladə-vəziyyət  


Bizi "telegram"da izləyin