“Past”: Rusiya niyə erməni xalqını cəzalandırır?

2026/06/1781157187.jpg
Oxunub: 256     09:58     11 İyun 2026    
“Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik artıq diplomatik bəyanatlar çərçivəsindən çıxaraq iqtisadi təzyiq alətinə çevrilib və bunun birbaşa Ermənistan vətəndaşlarına təsir göstərir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya niyə erməni xalqını cəzalandırır?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, Qərb və Rusiya uzun illərdir regionda təsir imkanlarını artırmaq üçün fərqli üsullardan istifadə edir. Məqaləyə görə, ABŞ və Avropa İttifaqı Ermənistanda ictimai təşkilatlar, təhsil proqramları və media vasitəsilə “yumşaq güc” siyasəti həyata keçirərək ictimai rəyə və dəyərlər sisteminə təsir göstərməyə çalışıb.

“Rusiya isə uzun müddət öz coğrafi, hərbi və iqtisadi üstünlüyünə arxalanaraq Ermənistan cəmiyyətində müsbət imic formalaşdırmaq istiqamətində ciddi fəaliyyət göstərməyib. Lakin Moskva ilə İrəvan arasında fikir ayrılıqları dərinləşdikdən sonra Kreml dialoq və ictimai müzakirə yolunu deyil, iqtisadi təzyiq vasitələrini seçib.

Bu siyasət xüsusilə seçki prosesləri fonunda daha qabarıq görünür. Nikol Paşinyanın və mövcud hakimiyyətin siyasi mövqelərini zəiflətmək məqsədilə Rusiya Ermənistana qarşı açıq iqtisadi məhdudiyyətlər tətbiq edir. Bu isə Verxni Lars keçid məntəqəsində yoxlamaların sərtləşdirilməsi, müxtəlif sanitar qadağalar və ixrac məhdudiyyətləri ilə özünü göstərir”, - deyə məqalədə qeyd edilib.

Nəşr hesab edir ki, bu siyasətin ən ağır nəticələrini siyasi elita deyil, kənd təsərrüfatı ilə məşğul olanlar, eləcə də kiçik və orta sahibkarlar yaşayır. Bildirilir ki, uzun illər məhsullarını Rusiya bazarına uyğunlaşdıran istehsalçılar hazırda ciddi maliyyə çətinlikləri ilə üz-üzə qalıblar.

Məqalədə Ermənistan hakimiyyətinə ixrac bazarlarının şaxələndirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Avrasiya İqtisadi Birliyi çərçivəsində yaranmış problemlərin operativ həllinə çalışmaq tövsiyə olunur. Müəllif hesab edir ki, İrəvan hüquqi və institusional mexanizmlərdən istifadə etməklə yerli istehsalçıların maraqlarını müdafiə etməli, zərər çəkmiş sahibkarlar üçün kredit tətilləri və subsidiyalar kimi dəstək proqramları tətbiq etməlidir.

“Siyasi narazılıqların Ermənistanın sadə vətəndaşları hesabına həll edilməməsi vacibdir. Erməni və rus xalqları arasında formalaşmış tarixi əlaqələr mövcud siyasi fikir ayrılıqlarından daha uzunömürlüdür. Moskva Ermənistanla yaranmış fikir ayrılıqlarının həlli üçün daha konstruktiv üsullar tapmalı və iki xalq arasında əsrlər boyu formalaşmış etimadın zədələnməsinə yol verməməlidir”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin