Mərakeşin F-16-ları Əlcəzairin “Su-57”lərinə qarşı birbaşa qarşıdurmada qalib gələ bilərmi?

2026/06/fdgcv-1780903780.jpg
Oxunub: 269     11:37     08 İyun 2026    
“Su-57” döyüş təyyarəsi F-16 üzərində bir sıra aydın üstünlüklərə malikdir. Lakin Mərakeş şəbəkə mərkəzli müharibə konsepsiyasında mühüm üstünlük əldə edib, Əlcəzairin beşinci nəsil döyüş təyyarələri isə yerüstü sistemlərdən məhdud dəstək alacaq.

Tarixdə ilk dəfə olaraq Afrika ölkələrindən biri beşinci nəsil görünməz döyüş təyyarəsini istismara qəbul edib. Afrika qitəsinin ərazi baxımından ən böyük dövləti və Rusiyanın uzunmüddətli müttəfiqi olan Əlcəzair Rusiya istehsalı “Su-57E Felon” döyüş təyyarələrini əldə edib. Fevral ayının sonlarında müşahidəçilər bu təyyarələrin Əlcəzair səmasında uçduğunu qeydə alıblar.

Bu vəziyyət Əlcəzairin qonşusu və strateji rəqibi olan Mərakeş üçün müəyyən çətinlik yaradır. Çünki Mərakeş hələ də modernləşdirilmiş F-16V “Block 70/72 Viper” qırıcılarından istifadə edir. Bu təyyarələr dördüncü nəsil platformalar hesab olunur.

Mərakeş F-35 “Lightning II” təyyarələrinin alınmasında maraqlıdır, lakin bu istiqamətdə hələlik yekun razılıq əldə edilməyib.

Nəzəri baxımdan yaxın gələcəkdə baş verməsi gözlənilməsə də, Əlcəzairin “Su-57”ləri ilə Mərakeşin F-16-ları arasında mümkün qarşıdurma hər iki təyyarənin ilk dəfə bir-birinə qarşı istifadə olunması ilə nəticələnə bilər. Belə ssenari Rusiyanın silah ixracı bazarı üçün də qlobal əhəmiyyət daşıya bilər.

Əlcəzair daha üstün platformaya sahib olsa da, Mərakeşin F-16-larını zəif rəqib hesab etmək düzgün olmaz.

F-16 “Fighting Falcon” və “Su-57 Felon” müqayisəsi

Mərakeşin F-16V qırıcıları AN/APG-83 SABR AESA radarı, AIM-120 AMRAAM raketləri, “Link-16” məlumat mübadiləsi sistemi, qabaqcıl missiya kompüteri və müasir radioelektron mübarizə kompleksi ilə təchiz olunub. Lakin platformanın əsas konstruksiyası 1970-ci illərdə hazırlanıb və artıq yaşlanmanın əlamətləri görünməkdədir. Əsas çatışmazlıqlardan biri stels texnologiyalarına malik olmamasıdır.

Əlcəzairin “Su-57E” təyyarələri isə daha müasir hesab olunur. Onlar N036 “Byelka” AESA radarı, X və L diapazonlu radar massivləri, daxili silah bölmələri, aşağı görünmə qabiliyyətinə malik arxitektura, R-77M raketləri və potensial olaraq ultra uzaqmənzilli R-37M raketləri ilə təchiz edilə bilər. F-16 daha yüngül və daha ucuz platformadır, həmçinin geniş şəbəkə imkanlarına malikdir. Buna qarşılıq “Su-57” daha sürətli, daha görünməz, daha böyük faydalı yük daşıma qabiliyyətinə və daha yüksək kinetik göstəricilərə sahibdir.

Uzaq məsafədən hava döyüşündə üstünlük kimdədir?

Müşahidə məsafəsindən kənarda aparılan hava döyüşlərində (BVR) “Su-57” açıq üstünlüyə malik görünür. F-16 müasir avionik sistemlərlə təchiz olunsa da, görünməz təyyarə deyil. “Su-57” isə radar görünürlüğünün aşağı olması və silahların daxili bölmələrdə daşınması sayəsində üstünlük qazanır. Nəzəri olaraq “Su-57” F-16-nı daha tez aşkar edə, daha tez izləyə və daha tez raket buraxa bilər.

Bundan əlavə, “Su-57” daha qabaqcıl raket texnologiyalarına malikdir. R-77M müasir rus uzaqmənzilli “hava-hava” raketi hesab olunur. R-37M isə yüksək əhəmiyyətli hədəflərin məhv edilməsi üçün hazırlanmış son dərəcə uzaqmənzilli raketdir. “Su-57”nin stels xüsusiyyətləri və güclü raket arsenalı nəzərə alındıqda, mərakeşli pilotlar hücum edən təyyarəni müəyyən etməzdən əvvəl raket hücumlarından yayınmaq məcburiyyətində qala bilərlər.

Mərakeşin əsas üstünlüyü isə F-16-ların özündə deyil, onları dəstəkləyən sistemlərdədir.

Mərakeş Kral Hərbi Hava Qüvvələrinin G550 erkən xəbərdarlıq və hava nəzarəti təyyarələri ölkə ərazisinin dərinliklərində təhlükəsiz fəaliyyət göstərərək düşmən təyyarələrini izləyə və ümumi hava mənzərəsini formalaşdıra bilir. “Link-16” sistemi isə hədəf məlumatlarının birbaşa qırıcılara ötürülməsinə imkan verir. Beləliklə, F-16 yalnız öz radarına və ya pilotun müşahidəsinə bağlı qalmır.

“Su-57” ilə rəqabət apara bilmək üçün Mərakeş məhz şəbəkə mərkəzli müharibə sahəsindəki üstünlüklərinə arxalanmalıdır.

Yaxın məsafəli hava döyüşündə vəziyyət necə dəyişə bilər?

Əgər qarşıdurma vizual təmas məsafəsinə keçərsə, nəticəni əsasən fiziki imkanlar müəyyən edəcək. “Su-57” istiqamətləndirilən mühərrik dartısı, yüksək manevr qabiliyyəti, aşağı sürətlərdə idarəetmə üstünlüyü və iki mühərrikli daha iri platformaya malik olması sayəsində üstünlük əldə edir.

Lakin F-16 da zəif rəqib deyil. Təyyarə davamlı döngə manevrlərində yüksək göstəricilər nümayiş etdirir, onilliklər ərzində döyüş təcrübəsində təkmilləşdirilib və daha yüngül konstruksiyaya malikdir. Buna baxmayaraq, manevr qabiliyyəti baxımından ümumi üstünlüyün “Su-57” tərəfində olduğu hesab edilir.

Lakin bütün bu müqayisələrdə pilotların hazırlıq səviyyəsi nəzərə alınmır. Yaxın hava döyüşlərində pilot bacarığı həlledici amillərdən biridir. Təcrübəli mərakeşli pilot daha az təcrübəli əlcəzairli pilot qarşısında F-16 ilə qalib gəlmək şansına sahib ola bilər.

Əlcəzairin “Su-57” əldə etməsi onun hücum imkanlarını genişləndirmək və regional çəkindirmə qabiliyyətini artırmaq cəhdinin bir hissəsi kimi qiymətləndirilir.

Mərakeş isə Əlcəzairin “Su-57” sahibliyini regional hava üstünlüyünə çevirməsinin qarşısını almağa çalışmalıdır.

Bunun üçün Rabat şəbəkə mərkəzli müharibə imkanlarını daha da inkişaf etdirməli olacaq. Çünki müasir döyüş meydanında sensorlar, şəbəkə əlaqələri, radioelektron mübarizə vasitələri və komanda-idarəetmə sistemləri artıq təyyarələrin sırf uçuş göstəricilərindən daha böyük əhəmiyyət daşımağa başlayır.

“Su-57” şübhəsiz ki, daha üstün döyüş təyyarəsidir. Lakin bu üstünlük kağız üzərində görünən qədər böyük olmaya bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   F-16   Əlcəzair   Su-57  


Bizi "telegram"da izləyin