“Ghost Bat”ın stelslik imtahanı: “Boeing” yeni mərhələni fəth edir

2026/06/Ekran-1780722249.jpg
Oxunub: 421     09:06     06 İyun 2026    
MQ-28 “Ghost Bat” əvvəlcə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən “Anduril” və “General Atomics” şirkətlərinin rəqib Pilotsuz Uçuş Aparatlarına (PUA) üstünlük verildiyi üçün seçilməmişdi, lakin platformanın gələcəkdə yenidən şans qazanması mümkündür.

Aerokosmik sənaye nəhəngi “Boeing” özünün MQ-28 “Ghost Bat” pilotsuz və stels “Collaborative Combat Aircraft” (CCA) platformasını pilotlu döyüş təyyarələri üçün “qüvvə artırıcısı” və “sadiq qanad yoldaşı” kimi xarakterizə edib. “Ghost Bat” müşahidə imkanlarını artırmağa, radioelektron mübarizə tapşırıqlarını yerinə yetirməyə və müxtəlif missiyaları dəstəkləyərkən pilotları qorumağa qadirdir. Pilotsuz platformanın modul faydalı yük sistemi missiyanın tələblərinə uyğun olaraq müxtəlif modulların dəyişdirilməsinə imkan verir.

Lakin CCA öz vəzifəsini effektiv yerinə yetirə bilməzdi, əgər pilotlu təyyarənin yerini aşkara çıxarsaydı. Məhz buna görə də “Ghost Bat”ın stelslik xüsusiyyətləri və aşağı radar əks etdirmə göstəricisi son dərəcə vacib hesab olunur.

Bu həftə “Boeing” daha bir qabaqcıl imkanın, yəni məhz platformanın stelslik göstəricilərinin radara görünmə sahəsi (RCS) sınaqları zamanı təsdiqləndiyini açıqlayıb. Şirkət bu mərhələni platformanın yetkinliyinin, sağqalma qabiliyyətinin və müasir hava döyüş əməliyyatları üçün sərfəli qabaqcıl imkanlar təqdim etmək potensialının sübutu kimi qiymətləndirib.

RCS sınaqları göstərib ki, təyyarə mürəkkəb müasir döyüş meydanında aşkar edilmədən fəaliyyət göstərə və sağ qala bilir.

“Yüksək imkanlara malik platformanın stelslik xüsusiyyətləri, qabaqcıl avtonomluq və süni zəka ilə birləşməsi hava qüvvələrinə öz missiyalarının effektivliyini və əməliyyat çevikliyini artırmaq üçün misilsiz imkanlar yaradır”, - deyə MQ-28 layihəsinin hazırlandığı “Boeing Defence Australia” şirkətinin qabaqcıl tədqiqat, inkişaf və sürətli prototipləşdirmə bölməsi olan “Phantom Works Australia”nın direktoru Bred Tompson bildirib.

MQ-28 “Ghost Bat” stels PUA-sı haqqında

İstifadəyə qəbul edilməsi: Hələ qəbul edilməyib (prototip mərhələsindədir)
İstehsal olunan sayı: Təxminən 8 ədəd (prototiplər)
Uzunluğu: 38 fut (11,7 metr)
Qanad açılımı: 24 fut (7,3 metr)
Maksimal qalxma çəkisi: 7000 funt (3175 kiloqram)
Mühərrik: Bir ədəd “Williams FJ44” turbofan mühərriki
Maksimal sürət: “Mach” 0,9-a qədər, döyüş təyyarələri ilə uyğun sürət
Mənzil: 2000 dəniz milindən çox
Praktiki uçuş hündürlüyü: Təxminən 40 000 fut (12 192 metr)
Silah yükü: Dəqiq məlum deyil, yüksək modul quruluşa malikdir; AIM-120 AMRAAM raketlərini daşıya və buraxa bilir
Ekipaj: 0 nəfər (pilotsuzdur, süni zəka tərəfindən idarə olunur və insan pilot tərəfindən dəstəklənir)


MQ-28 “Ghost Bat” layihəsinin inkişafına Avstraliyada təxminən on il əvvəl, 2017-ci ildə başlanılıb və pilotsuz aviasiya sistemi ilk uçuşunu 2021-ci ildə həyata keçirib. Həmin vaxtdan etibarən platforma 150-dən çox uçuş yerinə yetirib və imkanlarının təsdiqlənməsi üçün çoxsaylı nümayiş uçuşları keçirib.

Bu fəaliyyətlərə iki MQ-28 “Ghost Bat” platformasının Avstraliya Kral Hərbi Hava Qüvvələrinin E-7A “Wedgetail” erkən xəbərdarlıq və idarəetmə təyyarəsi ilə birgə fəaliyyət göstərərək hava hədəfinə qarşı missiyanı yerinə yetirməsi üzrə qarşılıqlı fəaliyyət sınaqları da daxildir.

Bundan əlavə, MQ-28 platforması E-7A “Wedgetail” və F/A-18F “Super Hornet” ilə birlikdə fəaliyyət göstərərək hava hədəfini avtonom şəkildə vurub məhv etmək üçün istifadə olunub. CCA həmçinin sınaq uçuşları üçün “naməlum bir əraziyə” yerləşdirilib və bir neçə MQ-28 platformasının iştirak etdiyi sınaq proqramlarında istifadə olunub.

Ötən ilin sentyabr ayında “Boeing” Avstraliya Kral Hərbi Hava Qüvvələri ilə həyata keçirdiyi uçuş nümayişlərini planlaşdırılandan dörd ay əvvəl tamamladığını açıqlamışdı. Pilotsuz aviasiya sistemi Avstraliyanın “Woomera” sınaq poliqonunda 150 saatdan çox real sınaqdan keçirilib, əlavə olaraq 20 min saatdan artıq virtual sınaq icra olunub.

“Ghost Bat” nə vaxtsa ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində xidmət göstərəcəkmi?

ABŞ Hərbi Hava Qüvvələri MQ-28 “Ghost Bat” platformasını hələ rəsmi olaraq qəbul etməyib, lakin onu CCA proqramı çərçivəsində fəal şəkildə qiymətləndirib. “Boeing”, “Lockheed Martin” və “Northrop Grumman” öz layihələrini təqdim etsələr də, hər üç şirkət 2024-cü ildə keçirilən ilkin müsabiqədən kənarda qalıb.

Əvəzində “Anduril” şirkətinin YFQ-44 “Fury” və “General Atomics Aeronautical Systems Inc.” şirkətinin “Gambit” platformaları növbəti sınaq mərhələsi üçün seçilib. Bu platformalar müvafiq olaraq YFQ-44A və YFQ-42A indekslərini alıblar.

Hazırda həmin sistemlər uçuş sınaqlarından keçirilir.

ABŞ Hərbi Hava Qüvvələri ilk CCA platformalarının 2030-cu ilə qədər xidmətə qəbul edilməsini planlaşdırır. Bununla belə, gələcəkdə bir neçə müxtəlif platformanın seçilməsi və silahlanmaya qəbul olunması mümkündür. Pentaqon beşinci nəsil və gələcək altıncı nəsil pilotlu döyüş təyyarələrini dəstəkləmək üçün müxtəlif pilotsuz döyüş platformalarından ibarət geniş park formalaşdırmağa çalışır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ghost-Bat   Boeing   PUA  


Bizi "telegram"da izləyin