Aİ hərbçilərə Aralıq dənizində Rusiya nefti daşıyan tankerləri yoxlamağa icazə verib

2026/06/1780926038.jpg
Oxunub: 233     17:25     08 İyun 2026    
Avropa İttifaqı ölkələri Aralıq dənizində fəaliyyət göstərən hərbi gəmilərə Rusiyanın “kölgə donanması”na aid hesab edilən xarici gəmiləri saxlamaq və yoxlamaq səlahiyyəti verib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin görüşü ərəfəsində açıqlama verib.

Kallas bildirib ki, Aİ-nin IRINI əməliyyatında güc tətbiqi qaydaları dəyişdirilib və bundan sonra şübhəli gəmilərin saxlanılması və yoxlanılması mümkün olacaq.

Onun sözlərinə görə, “kölgə donanması” ilə bağlı qərarlar yalnız sanksiyalarla deyil, həm də gəmiçilik təhlükəsizliyi ilə əlaqədardır.

Kallas qeyd edib ki, Avropa İttifaqı Rusiyanın gəlirlərini azaltmağa çalışır, çünki həmin vəsaitlərin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində istifadə oluna biləcəyi hesab edilir.

Qeyd edək ki, IRINI hərbi-dəniz əməliyyatı 2020-ci ilin mart ayından Aralıq dənizində fəaliyyət göstərir. Əməliyyatın əsas məqsədi Liviyaya silah tədarükünə qarşı BMT embarqosuna nəzarət etməkdir.

Missiya həmçinin Liviyadan neftin qanunsuz ixracının monitorinqi, insan qaçaqmalçılığı ilə mübarizə və Liviya sahil mühafizəsinin hazırlanması ilə məşğul olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin