Ermənistan KİV-i: Paşinyan gedir, ABŞ bundan əmin olub

2026/06/1780823507.jpg
Oxunub: 348     13:10     07 İyun 2026    
ABŞ-nin son həftələrdə Ermənistanla bağlı atdığı addımlar Vaşinqtonun ölkədə mümkün siyasi dəyişikliklərə hazırlaşdığını göstərə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, əgər siyasi proseslər rəsmi bəyanatlar əsasında deyil, hadisələrin məntiqi ardıcıllığı baxımından qiymətləndirilsə, son günlər baş verənlər maraqlı mənzərə ortaya çıxarır.

“2026-cı il mayın 26-da ABŞ dövlət katibi Marko Rubio İrəvana səfər edib və “Zvartnots” hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla TRIPP (Zəngəzur dəhlizi-red.) təşəbbüsünə dair sənədi ilkin olaraq imzalayıb. Bir neçə gün sonra, iyunun 4-də, Ermənistanda keçiriləcək parlament seçkilərindən dərhal əvvəl həmin sənəd məsafədən yekun şəkildə imzalanıb.

İlk baxışdan bu hadisə adi diplomatik prosedur kimi görünə bilər. Lakin Vaşinqtonun prosesi niyə bu qədər sürətlə yekunlaşdırmağa çalışdığı sual doğurur”, - deyə müəllif qeyd edib.

Məqalədə vurğulanır ki, siyasətdə zamanlama çox vaxt rəsmi izahlardan daha çox şey deyir.

“Bu baxımdan hadisələrin ardıcıllığı ABŞ-nin Ermənistanda əldə etdiyi nəticələri mümkün daxili siyasi dəyişikliklərdən əvvəl rəsmiləşdirmək istədiyini göstərir. ABŞ-nin Ermənistanda gedən siyasi proseslərdən xəbərsiz olması mümkün deyil. Vaşinqton ictimai rəyin öyrənilməsi, seçki proqnozlarının hazırlanması və siyasi inkişaf perspektivlərinin qiymətləndirilməsi üçün geniş imkanlara malikdir”, - deyə nəşr yazıb.

Məqalə müəlliflərinin fikrincə, əgər ABŞ hakimiyyətin mövqelərini sabit hesab etsəydi, sənədin imzalanmasında belə tələskənliyə ehtiyac qalmazdı.

“Beləliklə, məntiqli ehtimal yaranır ki, Vaşinqtonda Nikol Paşinyan hakimiyyətinin ciddi sınaqlar mərhələsinə daxil olduğunu və yaxın gələcəkdə əhəmiyyətli siyasi dəyişikliklərin mümkünlüyünü görüblər”, - deyə nəşr yazır.

Nəşrə görə, bu şəraitdə ABŞ öz layihələrini hüquqi və siyasi baxımdan mümkün qədər tez rəsmiləşdirməyə çalışıb ki, gələcək hakimiyyətlər artıq imzalanmış sənədləri nəzərə almağa məcbur olsunlar.

Nəşr bunu beynəlxalq siyasətdə yeni hal hesab etmir və vurğulayır ki, böyük dövlətlər çox vaxt strateji qərarları onlarla əməkdaşlıq edən hökumət hələ hakimiyyətdə olarkən rəsmiləşdirməyə üstünlük verirlər.

“Politik.am” sənədin məhz seçkilər ərəfəsində yekun şəkildə imzalanmasının da əlavə suallar doğurduğunu qeyd edir.

“Əgər proses bir neçə həftə və ya ay gözləyə bilərdisə, niyə məhz Ermənistanın siyasi meydanında qeyri-müəyyənliyin ən yüksək olduğu məqam seçildi?”, - deyə məqalədə sual olunur.

Nəşr hesab edir ki, bu sualların cavabını rəsmi açıqlamalarda deyil, hadisələrin məntiqində axtarmaq lazımdır.

Məqalənin yekununda bildirilir ki, Marko Rubionun sürətli səfəri, ilkin imzalanma mərhələsi, bir neçə gün sonra sənədin yekunlaşdırılması və seçkilərdən əvvəl nümayiş etdirilən tələskənlik Vaşinqtonun Nikol Paşinyanın baş nazirlik dövrünün sonuna yaxınlaşdığı qənaətinə gəldiyini göstərə bilər.

“ABŞ bu səbəbdən öz maraqları baxımından vacib hesab etdiyi razılaşmaları mümkün qədər tez rəsmiləşdirməyə və gələcək hakimiyyətlərin artıq formalaşmış siyasi reallıqla üzləşməsinə nail olmağa çalışıb”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin