Krımda yanacaq tədarükünün tamamilə dayanması: Sevastopoldakı böhran yarımadanın logistik iflasından xəbər verir?

2026/06/1780686442.jpg
Oxunub: 243     23:08     05 İyun 2026    
İşğal altında olan Krımın bütün ərazisində və Sevastopol şəhərində benzinin sərbəst satışı tamamilə dayandırılıb. Bu barədə TASS agentliyinə “region rəhbəri” Sergey Aksyonov məlumat verib. O, yarımadanın sakinlərindən qəbul edilmiş qərarı “anlayışla qarşılamağı” xahiş edib və hüquq-mühafizə orqanlarının, böhran vəziyyətlərinə reaksiya xidmətlərinin və şəhər nəqliyyatının “yanacaqla təmin olunduğunu” bildirib.

Krımda yanacaq böhranı artıq bir neçə həftədir davam edir. Ukrayna mənbələrinin məlumatına görə, Don-Rostov-Sevastopol avtomobil magistralı “pilotsuz uçuş aparatı nəzarəti altına götürülüb”. Bu məlumatı Krım hakimiyyəti dolayı yolla təsdiqləyərək yanacaq daşıyan nəqliyyat vasitələrinin videoya çəkilməsini qadağan edib. “Mobil telefon tətbiqi vasitəsilə hətta qohuma göndərilən və yanacaq daşıyan nəqliyyat vasitəsindən bəhs edən məlumat belə “terrorizmə dəstək” kimi qiymətləndirilir və şəxs məsuliyyətə cəlb olunur”, - Sevastopol sakinlərindən biri Ukrayna KİV-lərinə bildirib.

Bu fonda ABŞ dövlət katibi Marko Rubionun Ukraynanın “yalnız müqavimət göstərmədiyi, həm də uğurlu müharibə apardığı” barədə qiymətləndirməsi xüsusi əhəmiyyət kəsb edir. O, bunu Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib. Görünür, ABŞ-ın Ukrayna nizamlanmasına dair mövqeyi yenidən nəzərdən keçirilir. Məlum olduğu kimi, Prezident Donald Tramp daim vurğulayıb ki, cəbhədə vəziyyət Ukraynanın xeyrinə deyil və Kiyev atəşkəsin əldə olunmasında daha çox maraqlı olmalıdır.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində bildirib ki, Moskva Ukrayna nizamlanması üzrə danışıqların tərəfdarıdır, lakin “qarşı tərəfdə belə bir istək görmür”.

Bir gün əvvəl NATO-nun baş katibi Mark Rütte Kiyevə səfər edib. Bir aydan sonra Şimali Atlantika Alyansı Ankarada növbəti sammitini keçirəcək və Ukrayna Prezidenti Volodimir Zelenski də həmin tədbirə dəvət olunub. Rusiya-Ukrayna müharibəsində yaranan “yeni vəziyyət” fonunda Avropa İttifaqı ölkələri xarici işlər nazirləri səviyyəsində Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqlara başlanması məsələsində razılıq əldə ediblər.

Bu barədə Macarıstanın Baş naziri Peter Macar mətbuat konfransında açıqlama verib. O bildirib ki, Ukrayna Zakarpatyada yaşayan macar əhalisinin hüquqlarının bərpasını nəzərdə tutan qanunvericilik paketini hazırlayıb. “RIA Novosti”nin məlumatına görə, bundan əvvəl Macarıstanın baş naziri Avropa Komissiyası ilə danışıqlar apararaq 16 milyard avroluq maliyyə vəsaitinin dondurulmasının ləğvinə nail olub. Avropa Komissiyası bu vəsaitləri əvvəlki baş nazir Viktor Orbanın “Rusiyayönlü” mövqeyinə görə Macarıstana verməmişdi.

Əlbəttə, Ukraynanın Avropa İttifaqına üzv olması üçün hələ uzun yol keçməsi lazımdır. Lakin taleyüklü əhəmiyyət daşıyan mövcud şəraitdə Brüsseldə əldə olunan razılaşma siyasi baxımdan son dərəcə böyük əhəmiyyətə malikdir. Bundan da vacibi Ukraynanın NATO sammitində iştirakıdır. Görünür, Rusiya üçün siyasi baxımdan əlverişsiz mühit formalaşır. Xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibinin münaqişənin nizamlanması prosesində Rusiyanın “istək nümayiş etdirmədiyini” qeyd etməsinə görə “təəccübləndiyini” bildirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Sevastopol   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin