ROKETSAN raketləri ilə gücləndirilən “Trident” HHM sistemi “Eurosatory 2026” sərgisində təqdim olunub

2026/06/1781683457.jpg
Oxunub: 297     12:03     17 İyun 2026    
Türkiyənin müdafiə sənayesində hazırlanan raket texnologiyaları Avropa mərkəzli yeni hava hücumundan müdafiə layihəsində mühüm rol oynayır.

Ordu.az xəbər verir ki, “CSG Group” və tərəfdaşları Parisdə keçirilən “Eurosatory 2026” sərgisində təqdim etdikləri çoxtəbəqəli “Trident” hava hücumundan müdafiə sistemində ROKETSAN-ın strateji tərəfdaş kimi iştirak etdiyini açıqlayıblar.

hərbi birliklərin, strateji obyektlərin və geniş ərazilərin hava təhdidlərindən qorunması üçün hazırlanan “Trident” sistemi döyüş təyyarələri, helikopterlər, idarəolunan raketlər və Pilotsuz Uçuş Aparatları (PUA) da daxil olmaqla geniş hədəf spektrinə qarşı istifadə olunmaq üçün layihələndirilib.

Modul quruluşa malik sistem qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə qatlarını vahid arxitekturada birləşdirir.

ROKETSAN sistemin əsas zərbə gücünü təmin edir

“CSG Group”un açıqlamasına görə, ROKETSAN “Trident” proqramının strateji tərəfdaşlarından biridir. Şirkət sistem üçün qısa, orta və uzun mənzilli “yer-hava” raketlərini, eləcə də həmin raketlərə aid buraxılış qurğularını təmin edir.

Beləliklə, “Trident” sisteminin əsas zərbə potensialı Türkiyə müdafiə sənayesinin hazırladığı raket texnologiyalarına əsaslanır.

“CSG Group” bildirib ki, layihədə Çexiya müdafiə sənayesinin radarlar, platformalar, komanda-idarəetmə və sistem inteqrasiyası sahəsindəki təcrübəsi ROKETSAN-ın raket texnologiyaları ilə birləşdirilib.

Şirkət qeyd edib ki, bu əməkdaşlıq modeli daha əvvəl “Excalibur International” tərəfindən həyata keçirilən müxtəlif layihələrdə də istifadə olunub.

100 kilometrlik müdafiə çətiri

Standart konfiqurasiyada “Trident” 100 kilometrə qədər mənzilə malik müxtəlif “yer-hava” raketlərindən istifadə edir.

Bu raketlər görüntüləyici infraqırmızı və aktiv radiotezlikli axtarış başlıqları ilə təchiz olunub. Şirkətin məlumatına görə, bu kombinasiya müxtəlif hədəflərə qarşı çoxtəbəqəli müdafiə çətiri yaradır və dəyişən döyüş şəraitinə uyğunlaşma imkanı verir.

Bir “Trident” batareyası “Tatra” platformaları üzərində yerləşdirilmiş müxtəlif ixtisaslaşmış vasitələrdən ibarətdir. Bunlara “ReCUBE” əsaslı Atəşə Nəzarət Mərkəzi, Raket Buraxılış Qurğusu, Raket Yenidən Yükləmə Vasitəsi və Texniki Dəstək Vasitəsi daxildir.

Sistemdə həmçinin “ReSAURION” ailəsinə məxsus mobil üçölçülü AESA radarları istifadə olunur. Bildirilir ki, RSB21 radarının aşkarlama mənzili 200 kilometr, RSB41 radarının isə 470 kilometrdir.

PUA-lara qarşı əlavə imkanlar

“Trident” sisteminin genişləndirilmiş konfiqurasiyasında PUA-laraqarşı əlavə vasitələrdən də istifadə edilə bilir.

Bu çərçivədə “ReGUARD” radarı, havada partlayan sursatlardan istifadə edən top sistemləri və mini “yer-hava” raketləri sistemə inteqrasiya oluna bilir.

Həmin raketlərin əsas vəzifəsi düşmən PUA-larını birbaşa məhv etməklə daha bahalı və yüksək imkanlı hava hücumundan müdafiə raketlərinin istifadəsini azaltmaqdır.

“ReCUBE” sistemin idarəetmə mərkəzidir

Sistemin əsasını təşkil edən “ReCUBE” platforması “Retia” şirkəti tərəfindən hazırlanmış mobil komanda, idarəetmə və rabitə mərkəzidir. Platforma radarları, elektro-optik axtarış və hədəfləmə sistemlərini, raket buraxılış qurğularını və top sistemlərini real vaxt rejimində idarə edə bilir.

Optik, radio və yerüstü məlumat ötürmə xətlərindən istifadə edən “ReCUBE” hava müşahidəsi, komanda-idarəetmə və rabitə texnologiyalarını vahid strukturda birləşdirir.

Cənub-Şərqi Asiyada milyardlarla dollarlıq müqavilələr

CSG Group həmçinin açıqlayıb ki, “Excalibur International” son dövrdə Cənub-Şərqi Asiya bazarında mühüm layihələr həyata keçirib. Şirkət 2026-cı ilin aprelində bölgədə ümumi dəyəri təxminən 2,5 milyard dollar olan müqavilələr imzalayıb.

Bu müqavilələr “Tatra” şassisi üzərində qurulan çoxtəbəqəli hava hücumundan müdafiə batareyaları ilə yanaşı, logistik dəstək, təlim, ehtiyat hissələri, dəstək infrastrukturu və ixrac maliyyələşdirməsi xidmətlərini də əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Trident   Türkiyə  


Bizi "telegram"da izləyin