Ordu.az xəbər verir ki, təklif Polşanın Baş naziri Donald Tusk tərəfindən açıqlanıb.
Məlumata görə, təşəbbüs Polşanın gələcəyin pilotsuz döyüş sistemlərinin istehsal zəncirinə qoşulmasını və NATO-nun şərq cinahında hava gücü infrastrukturunda mühüm rol oynamasını nəzərdə tutur.
“Shield AI” tərəfindən hazırlanan X-BAT şaquli eniş və qalxış imkanına malik avtonom döyüş təyyarəsidir. Şirkət proqramın istehsal mərhələsinə keçməsindən əvvəl Polşanın müdafiə və aviasiya şirkətlərini istehsal prosesinə cəlb etmək niyyətindədir.
Təklifin ikinci hissəsi General Electric F110 mühərrik ailəsi üçün regional texniki xidmət və dəstək mərkəzinin yaradılmasını əhatə edir. Hazırda F110 mühərrikləri F-16 və F-15 təyyarələrinin bir çox versiyalarında istifadə olunur. Polşanın F-16C/D “Block 52+” parkı və silahlanmaya qəbul edilməyə başlayan F-35A döyüş təyyarələri nəzərə alındıqda, belə bir mərkəzin NATO-nun Avropadakı hava əməliyyatlarına mühüm töhfə verəcəyi bildirilir.
X-BAT platforması “Shield AI” şirkətinin Hivemind süni zəka arxitekturası əsasında hazırlanır. Sistem GPS-in fəaliyyət göstərmədiyi və intensiv radioelektron mübarizə şəraitində tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Şirkət ilk şaquli qalxış sınaqlarını 2026-cı ildə keçirməyi, döyüş qabiliyyətli prototipləri 2028-ci ildə təqdim etməyi və 2029-cu ildə istehsal planlaşdırmasına başlamağı hədəfləyir.
Tək mühərrikli platformada “General Electric” F110-GE-129 turboreaktiv mühərrikindən istifadə olunur. Təyyarənin 3 700 kilometrdən çox uçuş məsafəsinə və 50 min futdan artıq əməliyyat hündürlüyünə çatması planlaşdırılır. X-BAT-ın ən diqqətçəkən xüsusiyyəti uçuş-enmə zolağına ehtiyacı aradan qaldıran konstruksiyasıdır. Təyyarə xüsusi mobil buraxılış və geriqaytarma sistemi vasitəsilə şaquli qalxma həyata keçirə və tapşırıqdan sonra eyni sistemə avtonom şəkildə enə bilir.
Sevinc Əliyeva
Ordu.az