“Hörmüz boğazı ilə neft tranziti sutkada 12,5 milyon barreli ötüb” - Vens

2026/05/1779895148.jpg
Oxunub: 239     08:15     19 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran limanlarına gedən gəmilərlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra Hörmüz boğazı vasitəsilə daşınan neftin həcmi əhəmiyyətli dərəcədə artıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən brifinq zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri müharibənin dayandırılması ilə bağlı razılaşma çərçivəsində blokadanın aradan qaldırılması məqsədilə İran limanlarına istiqamətlənən ondan çox gəminin keçidinə icazə verib.

Vens qeyd edib ki, əldə olunan razılaşmanın nəticəsi olaraq hazırda Hörmüz boğazı ilə daha çox neft daşınır və çərşənbə günü axşam saatlarında tranzitin həcmi sutkada 12,5 milyon barreli ötüb.

“Beləliklə, biz də hərbi sahədə razılaşmanın ilkin mərhələsi üzrə üzərimizə düşən öhdəlikləri yerinə yetiririk”, - deyə o bildirib.

Vitse-prezident əlavə edib ki, bu nəticə razılaşmaların birbaşa məhsuludur və sazişin İrana sərfəli ola biləcəyi barədə səsləndirilən tənqidlərə baxmayaraq əldə olunub.

Vens həmçinin İranla bağlı razılaşma ətrafında aparılan danışıqlarda iştirak etmək üçün İsveçrəyə səfər etməyi planlaşdırdığını açıqlayıb. Lakin səfərin dəqiq vaxtının hələ müəyyən edilmədiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Vens  


Bizi "telegram"da izləyin