ITFC Orta Dəhliz çərçivəsində Mərkəzi Asiyada layihələrin icrasına başlayıb

2026/06/Ekran-1781850629.jpg
Oxunub: 203     10:22     19 İyun 2026    
Beynəlxalq İslam Ticarət Maliyyələşdirmə Korporasiyası artıq Mərkəzi Asiya ölkələrində Orta Dəhliz təşəbbüsünə uyğun gələn bir sıra layihələrin icrasına başlayıb.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə ITFC-nin əməliyyat direktoru Nazim Nurdali İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumunda bildirib.

Onun sözlərinə görə, ITFC 2008-ci ildə İslam İnkişaf Bankı Qrupunun ticarət maliyyələşdirilməsini dəstəkləyən ixtisaslaşmış qurumu kimi yaradılıb.

“Yarandığı vaxtdan etibarən korporasiya 93 milyard dollardan çox həcmdə ticarət əməliyyatlarını maliyyələşdirib. İslam İnkişaf Bankının fəaliyyəti də nəzərə alınmaqla, 1977-ci ildən bəri ümumi ticarət maliyyələşdirilməsi həcmi 120 milyard dolları ötüb. Ticarət maliyyələşdirilməsi nəqliyyat dəhlizləri ilə bağlı istənilən iddialı layihənin vacib elementidir. Əgər dəhliz regionlar arasında bağlantını təmin edirsə, ticarət maliyyələşdirilməsi və ticarətə dəstək bu sistemin bütün elementlərini birləşdirir.

Ticarət maliyyələşdirilməsi özü-özlüyündə ticarət yaratmır, yalnız onun dəstəklənməsi üçün alət rolunu oynayır. Əvvəlcə ticarət mövcud olmalıdır. Biz katalizator ola və onun inkişafına kömək göstərə bilərik, lakin onu sıfırdan yarada bilmərik”, – deyə o qeyd edib.

N.Nurdalinin sözlərinə görə, nəqliyyat-logistika zəncirindəki hər hansı məhdudiyyət ticarət imkanlarını və biznesin maliyyə alətlərinə çıxışını azaldır.

ITFC nümayəndəsinin bildirdiyinə görə, Asiya İnkişaf Bankının qiymətləndirmələrinə əsasən, kiçik və orta biznes üçün qlobal ticarət maliyyələşdirilməsi çatışmazlığı təxminən 2,5 trilyon dollar təşkil edir.

“Biz bu problemi təkbaşına həll edə bilmərik. Tərəfdaşlarla birgə səylərin birləşdirilməsi vacibdir. ITFC yerli banklar vasitəsilə kiçik və orta biznesin maliyyələşdirilməsini dəstəkləyir və əlavə maliyyə resurslarının səfərbər edilməsi ilə məşğuldur. Korporasiya öz maliyyələşdirdiyi hər 1 dollar üçün tərəfdaşlardan əlavə 4 dollar cəlb edir. İki ildən az müddət əvvəl ITFC Qazaxıstandan Azərbaycana qədər regionun altı ölkəsini əhatə edən "Trade Connect Central Asia Plus" proqramını işə salıb”, – deyə o bildirib.

N.Nurdalinin sözlərinə görə, proqramın məqsədi “yumşaq” ticarət infrastrukturunun inkişaf etdirilməsidir.

“Buraya kağızsız sərhəd prosedurlarının tətbiqi, nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, müxtəlif ölkələrin rəqəmsal sistemlərinin uyğunluğunun təmin edilməsi, məlumat mübadiləsi və dövlət qurumları ilə özəl sektor arasında koordinasiyanın gücləndirilməsi daxildir. Biz artıq Mərkəzi Asiyada Orta Dəhliz təşəbbüsünə uyğun gələn bir neçə layihənin icrasına başlamışıq”, – deyə o vurğulayıb.

N.Nurdali əlavə edib ki, ITFC proqramın həyata keçirilməsi çərçivəsində tərəfdaşlar və region ölkələri ilə əməkdaşlığın daha da genişləndirilməsinə ümid edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ITFC   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin