Zelenski Avropa İttifaqı rəhbərliyi ilə Ukraynanın üzvlük danışıqlarının sürətləndirilməsini müzakirə edib

2026/06/1780501213.jpg
Oxunub: 197     08:18     19 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı rəhbərliyi ilə keçirdiyi görüşdə Ukraynanın təşkilata üzvlük prosesinin sürətləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında paylaşım edib.

Zelenski bildirib ki, Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə apardığı danışıqlar zamanı tərəflər Ukraynanın Avropaya inteqrasiyası üzrə növbəti addımları və Avropa Şurasının iclası öncəsi mövqelərin əlaqələndirilməsini razılaşdırıblar.

Onun sözlərinə görə, əsas mövzulardan biri Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar prosesinin irəlilədilməsi və qalan beş danışıqlar klasterinin açılması olub.

“Kiyev yaxın zamanda qalan beş danışıqlar klasterinin açılmasını vacib hesab edir. Həmçinin müdafiə qabiliyyətimizi gücləndirmək üçün Avropa İttifaqının maliyyə dəstəyi paketindən ilk tranşın tezliklə ayrılacağını gözləyirik”, - deyə Zelenski vurğulayıb.

Tərəflər Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərini də ayrıca müzakirə ediblər. Bu çərçivədə pilotsuz uçuş aparatı texnologiyaları sahəsində birgə təşəbbüslərin “Drone Deal” formatında inkişaf etdirilməsi diqqət mərkəzində olub.

Görüş zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Rusiyanın ballistik raket təhdidlərinə qarşı müdafiə imkanlarının artırılması məsələləri də nəzərdən keçirilib.

“Xüsusi diqqət təhlükəsizlik sahəsində əməkdaşlığa və Avropa İttifaqı ilə ‘Drone Deal’ formatında razılaşma üzərində işə yönəldilib. Həmçinin Ukraynaya göstərilən müdafiə dəstəyi, ilk növbədə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Rusiya ballistik raketlərindən müdafiə məsələlərini müzakirə etdik”, - deyə Zelenski qeyd edib.

Sonda Ukrayna Prezidenti Avropa liderlərinə göstərdikləri dəstəyə və Ukrayna ilə Avropanın təhlükəsizliyinin birgə şəkildə daha da möhkəmləndirilməsi istiqamətində nümayiş etdirdikləri hazırlığa görə təşəkkürünü bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski     Ukrayna  


Bizi "telegram"da izləyin