ABŞ HDQ enerji ötürülməsi və PUA müdafiəsini birləşdirən lazer sistemini sınaqdan keçirib

2026/06/1781848297.jpg
Oxunub: 220     09:49     19 İyun 2026    
ABŞ Dəniz Tədqiqatları Laboratoriyası uzaq məsafəyə naqilsiz enerji ötürə bilən və eyni zamanda Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı müdafiə məqsədilə istifadə oluna bilən ikili təyinatlı lazer sistemini real şəraitdə uğurla sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, sınaqlar ABŞ Müharibə Nazirliyinin dəstəyi ilə “Boeing” və DEVCOM “Ground Vehicle Systems Center” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Sınaq zamanı qoşqu üzərində quraşdırılmış lazer sistemi standart hərbi nəqliyyat vasitəsindən aldığı enerjini hava limanının digər tərəfində yerləşən xüsusi qəbuledicilərə naqilsiz şəkildə ötürüb. Nümayişin ikinci mərhələsində isə həmin sistem fasilə vermədən imitasiya edilmiş hava təhdidinə qarşı yönləndirilmiş enerji silahı rejiminə keçib.

ABŞ Dəniz Tədqiqatları Laboratoriyasının elektrik mühəndisi doktor Aleks Qrede bildirib ki, sınaq yalnız laboratoriya şəraitində aparılmayıb. “Biz eyni lazer sisteminin həm uzaqdan enerji ötürə bildiyini, həm də dərhal PUA təhdidinə qarşı istifadə oluna bildiyini nümayiş etdirdik”, - deyə o qeyd edib.

Əvvəlki enerji ötürülməsi sınaqları nəzarət olunan səhra şəraitində aparıldığı halda, bu sınaq real əməliyyat mühitinə yaxın şəraitdə həyata keçirilib. Güclü külək və görmə məsafəsinin əhəmiyyətli dərəcədə azaldığı qar yağışı altında sistemin fəaliyyəti yoxlanılıb və atmosfer təsirlərinin performansa təsiri təhlil edilib.

Laboratoriyanın tədqiqatçı fiziki Castin Lorentsen bildirib ki, texnologiyanın döyüş meydanında istifadə oluna bilməsi üçün onun ideal deyil, real şəraitdə sınaqdan keçirilməsi vacib idi.

Mütəxəssislərin fikrincə, sistem ön əməliyyat bölgələrində generatorlardan asılılığı azaldaraq logistika yükünü yüngülləşdirə və bölmələrin sağqalma qabiliyyətini artıra bilər.

Sınaqda istifadə edilən lazer sistemi artıq ABŞ Dəniz Piyadaları tərəfindən yönləndirilmiş enerji tətbiqlərində istifadə olunur. Sistem yüksək səmərəli günəş enerjisi qəbulediciləri və mobil enerji istehsal infrastrukturu ilə birləşdirilib.

ABŞ Dəniz Tədqiqatları Laboratoriyasının Radar Bölməsinin hərbi rəhbər müavini, dəniz polkovnik-leytenantı Brayan Di Salvo bildirib ki, sahədə aylarla texniki xidmət tələb edən və ya uzun hazırlıq prosesinə ehtiyac duyan sistemlər davamlı hesab edilə bilməz.

Onun sözlərinə görə, bu sistem həm istifadəsinin asan, həm də sürətli təmir edilə bilən olduğunu nümayiş etdirib. Laboratoriya növbəti mərhələdə Dəniz Piyadaları, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə yeni nümayişlərin keçiriləcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   PUA  


Bizi "telegram"da izləyin