CENTCOM: İran Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket buraxıb

2026/06/1780722726.jpg
Oxunub: 390     08:43     06 İyun 2026    
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran Silahlı Qüvvələrinin Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket buraxdığını açıqlayıb.

Ordu.az CENTCOM-un yaydığı məlumata istinadən xəbər verir ki, hadisə ABŞ hərbçilərinin Hörmüz boğazı istiqamətində hərəkət edən İran kamikadze pilotsuz uçuş aparatlarını vurmasından və İranın radiolokasiya obyektlərinə zərbələr endirməsindən cəmi bir neçə saat sonra baş verib.

Komandanlığın bəyanatında bildirilir ki, ilkin qiymətləndirmələrə əsasən, İran tərəfindən buraxılan yeddi raketdən altısı havada məhv edilib. Yeddinci raket isə nəzərdə tutulan hədəfə çatmayıb.

CENTCOM qeyd edib ki, hazırkı məlumata görə, ABŞ hərbçiləri arasında itki və ya yaralanan yoxdur.

Komandanlıq həmçinin İran tərəfinin Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına zərbə endirilməsi ilə bağlı açıqlamalarını təkzib edib.

“Bəhreyndə ABŞ Beşinci Donanmasının qərargahına zərər vurulması ilə bağlı İranın iddiaları həqiqətə uyğun deyil”, - deyə CENTCOM-un açıqlamasında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   ABŞ   İran  


Bizi "telegram"da izləyin