Kolumbiya Prezidenti Trampı ölkədəki prezident seçkilərinə müdaxilədə ittiham edib

2026/01/1767427155.jpg
Oxunub: 252     11:23     06 İyun 2026    
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampı ölkəsində keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, Petro bu barədə CBS News telekanalına verdiyi müsahibədə danışıb.

Onun açıqlaması Trampın prezident seçkilərində sağçı qüvvələrin namizədi Abelardo de la Esprielyaya açıq şəkildə dəstək verməsindən sonra səsləndirilib.

Prezident seçkilərinin ikinci turuna iki həftə qalmış Donald Tramp bəyanat yayaraq dəstəklədiyi namizədə “tam və qeyd-şərtsiz dəstək” ifadə edib. ABŞ Prezidenti vurğulayıb ki, səsvermənin nəticəsi Kolumbiya ilə ABŞ arasındakı gələcək münasibətlər üçün böyük əhəmiyyət daşıyacaq.

Qustavo Petro isə bu mövqeni dövlət suverenliyinin pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, Vaşinqton faktiki olaraq narkobiznes və ifrat sağçı qruplarla əlaqəli olduğunu iddia etdiyi siyasi qüvvələri dəstəkləyir. Kolumbiya lideri ABŞ ilə münasibətlərdə yaranan gərginliyi həm də özünün sol siyasi baxışları və beynəlxalq məsələlər, xüsusilə Qəzza zolağındakı vəziyyətlə bağlı Tramp administrasiyası ilə yaşadığı fikir ayrılıqları ilə əlaqələndirib.

“CBS News”un yayımladığı müsahibə prezident seçkilərinin birinci turundan bir neçə gün sonra dərc olunub. Həmin səsvermədə sağçı namizəd Abelardo de la Esprielya səslərin 43,7 faizini, solçu senator İvan Sepeda isə 40,9 faizini toplayıb. İkinci turun iki həftədən də az müddət sonra keçirilməsi nəzərdə tutulur.

Petro xəbərdarlıq edib ki, sağçı qüvvələrin hakimiyyətə gəlməsi ölkədə yeni siyasi zorakılıq dalğasına səbəb ola bilər. Onun sözlərinə görə, cəmiyyətin ciddi şəkildə qütbləşdiyi bir şəraitdə aqressiv siyasi ritorikanın güclənməsi təhlükəli vəziyyət yaradır.

“Kolumbiyada nifrət çox tez ölümlə nəticələnir”, - deyə ölkə Prezidenti bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   ABŞ  


Bizi "telegram"da izləyin