“Past”: Ermənistanda əvvəlki seçkilərdə seçici fəallığı necə olub?

2026/06/1780719160.jpg
Oxunub: 199     08:11     06 İyun 2026    
“Ermənistanda keçirilən ümumölkə seçkiləri ilə bağlı statistik göstəricilər seçicilərin müxtəlif illərdə fərqli səviyyədə fəallıq nümayiş etdirdiyini ortaya qoyur. Xüsusilə prezident seçkilərində iştirak səviyyəsinin parlament seçkiləri ilə müqayisədə daha yüksək olduğu diqqət çəkir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Əvvəlki seçkilərdə seçici fəallığı necə olub?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, ölkədə keçirilən bütün seçkilər ərəfəsində, xüsusilə də qarşıdan gələn seçkilər öncəsi seçicilərin iştirakının vacibliyi mütəmadi olaraq vurğulanır.

“Bu, həm vətəndaşlıq borcunun yerinə yetirilməsi, həm də seçki hüququnun reallaşdırılması baxımından əhəmiyyətli hesab olunur. Tez-tez Ermənistan seçicisinin kifayət qədər fəal olmadığı barədə fikirlər səsləndirilir. Lakin rəsmi statistikanın təhlili göstərir ki, ölkədə kifayət qədər yüksək seçici iştirakı ilə yadda qalan seçkilər də olub”, - müəllif yazıb.

“Past” qəzeti Ermənistan Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən məlumatları araşdıraraq prezident və parlament seçkilərinin nəticələrini müqayisə edib.

“Təhlillər göstərir ki, seçicilər daha çox prezident seçkilərində fəallıq nümayiş etdiriblər. Bununla belə, 2007-ci və 2012-ci illərdə keçirilən parlament seçkilərində də kifayət qədər yüksək iştirak qeydə alınıb. Ən aşağı fəallıq isə 2018 və 2021-ci illərdə keçirilən növbədənkənar parlament seçkilərində müşahidə olunub”, - deyə nəşr vurğulayıb.

Məqalədə parlament seçkilərində iştirak göstəricilərinə də geniş yer ayrılıb.

“1995-ci ildə parlament seçkilərində 1 milyon 183 min 573 nəfər və ya seçki hüququ olan vətəndaşların 54,3 faizi iştirak edib. 1999-cu ildə bu göstərici 1 milyon 137 min 660 nəfər və ya 51,7 faiz olub. 2003-cü ildə 1 milyon 233 min 757 nəfər və ya 52,7 faiz, 2007-ci ildə isə 1 milyon 375 min 733 nəfər və ya 59,4 faiz seçkilərdə iştirak edib. 2012-ci ildə iştirak səviyyəsi daha da yüksələrək 1 milyon 572 min 518 nəfərə və ya 62,33 faizə çatıb. Növbədənkənar parlament seçkilərində isə göstəricilər aşağı düşüb. Belə ki, 2018-ci ildə 1 milyon 261 min 105 nəfər və ya 48,6 faiz, 2021-ci ildə isə 1 milyon 281 min 174 nəfər və ya 49,4 faiz seçici səsvermədə iştirak edib”, - deyə nəşr qeyd edib.

“Past” prezident seçkiləri üzrə statistikaya da diqqət çəkib.

“1996-cı ildə prezident seçkilərində 1 milyon 333 min 204 nəfər və ya 59,2 faiz iştirak edib. 1998-ci ildə bu göstərici 1 milyon 456 min 109 nəfər və ya 63,3 faiz olub. 2003-cü ildə keçirilən seçkilərin birinci turunda 1 milyon 462 min 383 nəfər və ya 63 faiz, ikinci turunda isə 1 milyon 595 min 702 nəfər və ya 68,4 faiz seçici səs verib. 2008-ci ildə iştirak edənlərin sayı 1 milyon 671 min 27 nəfərə çataraq təxminən 70 faiz təşkil edib. 2013-cü ildə isə prezident seçkilərində 1 milyon 518 min 407 nəfər və ya 60,05 faiz seçici iştirak edib. Bu statistika göstərir ki, prezident seçkiləri Ermənistan seçicilərinin daha çox maraq göstərdiyi siyasi proseslərdən biri olub”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin