İran nüvə obyektlərinə hücumlarla bağlı “sıfır dözümlülük” siyasətinin qəbulunu tələb edib

2026/06/1780718809.jpg
Oxunub: 246     08:07     06 İyun 2026    
Vyanada fəaliyyət göstərən İranın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarəçilər Şurasının xüsusi iclasında sərt bəyanatla çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

İran diplomatları beynəlxalq ictimaiyyəti dinc nüvə obyektlərinə qarşı silahlı hücumlarla bağlı “sıfır dözümlülük” siyasəti formalaşdırmağa və bu obyektlərin tam toxunulmazlığı prinsipini beynəlxalq səviyyədə təsbit etməyə çağırıblar.

Bəyanatda qeyd olunub ki, mülki nüvə obyektlərinə hərbi zərbələrin endirilməsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsini və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsini kobud şəkildə pozur, eyni zamanda qlobal təhlükəsizliyin sabitliyinə zərbə vurur.

İran tərəfi xatırladıb ki, belə hücumları qadağan edən 444 və 533 nömrəli qətnamələrin təşəbbüskarı məhz Tehran olub, ABŞ isə həmin sənədlərə qarşı çıxıb.

Tehran Vaşinqton və Təl-Əvivin son hərəkətlərini “nüvə terrorizmi aktları” adlandırıb. Sənədə əsasən, 2025-ci il iyun ayında və 2026-cı il yanvar-aprel ayları ərzində ABŞ və İsrail İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təminatları altında olan nüvə obyektlərinə qarşı ümumilikdə 17 genişmiqyaslı hücum dalğası həyata keçiriblər.

İran tərəfi bu hücumların agentliyin bütün fəaliyyəti tarixində miqyasına görə görünməmiş hadisə olduğunu bildirib.

Xüsusi diqqət Buşehr Atom Elektrik Stansiyasına edilən hücuma yönəldilib. Məlumata görə, raketlərdən biri reaktordan cəmi 350 metr məsafədə partlayıb və nəticədə insan tələfatı baş verib.

İran vurğulayıb ki, minlərlə kiloqram nüvə materialının saxlanıldığı stansiyaya birbaşa zərbə endirilməsi ətraf mühitə böyük həcmdə radiasiya yayılmasına səbəb ola bilərdi. Hazırda stansiyanın təhlükəsiz şəkildə elektrik enerjisi istehsalını davam etdirdiyi bildirilib.

Bundan əlavə, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossini ABŞ və İsrailin zərbələrini açıq şəkildə pisləmədiyinə görə tənqid edib.

İran rəsmiləri qeyd ediblər ki, BMT Baş katibi vəzifəsinə namizəd kimi göstərilən Qrossi öz qurumuna etimadın qorunması üçün qərəzsizlik, peşəkarlıq və BMT terminologiyasına sadiqlik prinsiplərinə ciddi əməl etməlidir.

Sonda İran nümayəndəliyi 1981-ci ildə İsrailin İraqın nüvə mərkəzinə endirdiyi zərbədən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarəçilər Şurasının Təl-Əvivi qətiyyətlə pislədiyini və ona yardımın dayandırıldığını xatırladıb.

Bəyanata görə, həmin dövrdə ABŞ-nin təzyiqləri və maliyyə təhdidləri səbəbindən İsrailin üzvlüyünün tam dayandırılmasına nail olunmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə-obyekti  


Bizi "telegram"da izləyin