Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Diplomatik gərginliyə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin britaniyalı yeniyetmə Henri Novakın rezonans doğuran qətli ilə bağlı açıqlamaları səbəb olub. amerikalı respublikaçı siyasətçi “X” sosial şəbəkəsində paylaşım edərək yeniyetmənin ölümünü birbaşa kütləvi miqrasiyanın nəticələri ilə əlaqələndirib.
Vens bildirib ki, “Avropa elitalarının son bir neçə nəsli özünənifrət siyasətinə və Qərbə hörmət etməyən miqrantların kütləvi axınına qarşı müqavimət göstərsəydi”, Novak sağ qalardı.
Buna cavab olaraq Dauninq-strit 10-un nümayəndəsi Vensin adını çəkmədən son günlər Londonda xarici qüvvələrin Britaniya küçələrində qarşıdurma yaratmaq üçün məqsədyönlü cəhdlər göstərdiyini bildirib. O vurğulayıb ki, bu cəhdlər Novakın ailəsinin faciədən siyasi manipulyasiya məqsədilə istifadə olunmaması ilə bağlı çağırışına məhəl qoymur.
Sauthemptonda Henri Novakın qətli hadisə yerinə gələn polislərin bıçaq yaralarından qan itirən yeniyetməyə qandal vurduğunu əks etdirən görüntülərin yayılmasından sonra ölkə miqyasında böyük rezonans doğurub. Bildirilir ki, Böyük Britaniyada doğulmuş siqh Vikrum Diqva qurbanı yalan şəkildə irqçilikdə ittiham edib və polisləri bu addımı atmağa sövq edib. Sonradan Diqva ömürlük həbs cəzasına məhkum olunub.
Hadisə Böyük Britaniyada “iki səviyyəli ədalət sistemi” ilə bağlı müzakirələri yenidən alovlandırıb. Bu nəzəriyyəyə görə, ağdərili əhali ideoloji səbəblərlə polis tərəfindən daha sərt təqiblərə məruz qalır. Mövzu “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask, eləcə də “Reform UK” partiyasının lideri Naycel Faraj tərəfindən də gündəmə gətirilib.
Mübahisələri ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi Dövlət Departamentinin mövqeyi daha da gücləndirib. Qurum Britaniya polisinin araşdırmasını və hərəkətlərini “Qərb sivilizasiyasının tənəzzülünün” açıq əlaməti kimi qiymətləndirib.
Baş nazir Kir Starmer isə bu ittihamları qətiyyətlə rədd edərək LBC radiosuna açıqlamasında Britaniya polisinin “dünyanın digər ölkələrində deyilənlərdən asılı olmayaraq qorxmadan və qərəzsiz fəaliyyət göstərdiyini” bildirib. Bununla yanaşı, o, hadisə yerində polis əməkdaşlarının hərəkətlərinin hazırda müstəqil nəzarət orqanı tərəfindən araşdırıldığını etiraf edib.
Qalmaqal fonunda müxalif Liberal Demokratlar Partiyası ABŞ səfirinin təcili şəkildə Londona çağırılmasını və sosial şəbəkələr vasitəsilə “Britaniya demokratiyasına Ağ Evin açıq müdaxiləsi” ilə bağlı izahat verməsini tələb edib.
Bununla belə, Dauninq-strit rəsmiləri hüquq-mühafizə məsələlərində fikir ayrılıqlarına baxmayaraq, Böyük Britaniya ilə ABŞ arasında strateji müttəfiqlik münasibətlərinin “son dərəcə güclü” olaraq qaldığını vurğulayıblar.
Sevinc Əliyeva
Ordu.az