İspaniya BANDIT-X önləyici PUA-sını sınaqdan keçirib

2026/06/1782579190.jpg
Oxunub: 202     20:48     27 İyun 2026    
İspaniyanın “ARMMO Defense Technologies” şirkəti BANDIT-X önləyici Pilotsuz Uçuş Aparatının (PUA) Slovakiyada hərbçilərin iştirakı ilə keçirilən real uçuş sınaqlarını uğurla başa vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət rəsmilərinin sözlərinə görə, sınaqlar sistemin real əməliyyat imkanlarını nümayiş etdirib və antidron sahəsində tez-tez rast gəlinən konsept layihələrdən fərqli olaraq praktiki nəticələr ortaya qoyub.

PUA və antidron sistemləri sahəsində fəaliyyət göstərən şirkət Slovakiyadakı sınaqları hərbi istifadəçilərin nəzarəti altında həyata keçirib.

Şirkətin həmtəsisçisi Xayme Abrisketa İnsenqa sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, yayımlanan görüntülər simulyasiya və ya kompüter qrafikası deyil, real önləyici PUA-nın uçuşunu əks etdirir.

Onun sözlərinə görə, xüsusilə Ukrayna müharibəsindən sonra sürətlə inkişaf edən antidron bazarında bu fərq böyük əhəmiyyət daşıyır.

Sınaqlar zamanı BANDIT-X tam əməliyyat dövrünü uğurla yerinə yetirib. Buraya havaya qalxma, sabit uçuş, yüksək sürətli hərəkət, hədəfin ələ keçirilməsi və təhlükəsiz eniş mərhələləri daxil olub.

Şirkət bildirib ki, yalnız ayrı-ayrı funksiyaların deyil, bütün əməliyyat dövrünün etibarlı və təkrarlana bilən şəkildə icra olunması sistemin yetkinlik səviyyəsini göstərən əsas meyardır.

Şirkət rəsmiləri Slovakiyada keçirilən sınaqların BANDIT-X-in sadəcə perspektivli prototip deyil, real döyüş şəraitində istifadə oluna biləcək sistem olduğunu nümayiş etdirdiyini vurğulayıblar.

Abrisketa Parisdə keçirilən “Eurosatory” sərgisində nümayiş etdirilən çoxsaylı antidron sistemlərinə də toxunaraq bildirib ki, təqdim olunan layihələrin əksəriyyəti real hərbi operatorlar qarşısında sınaqdan keçirilməyib.

Ukrayna müharibəsi antidron texnologiyaları bazarında sürətli inkişaf yaradıb. Döyüş təcrübəsi göstərib ki, effektiv müdafiə yalnız radioelektron mübarizə vasitələri ilə deyil, həm də fiziki məhvetmə qabiliyyətinə malik kinetik önləyici sistemlərlə mümkündür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   BANDIT-X   PUA  


Bizi "telegram"da izləyin