Almaniya 2027-ci ilə qədər bütün kişilər üçün məcburi hərbi xidmətə qayıtmağı planlaşdırır

2026/06/1782573188.jpg
Oxunub: 220     19:15     27 İyun 2026    
Almaniya Rusiyadan qaynaqlandığı bildirilən hərbi təhlükə ilə bağlı narahatlıqlar fonunda 2027-ci ilə qədər bütün kişilər üçün məcburi hərbi xidmət sistemini bərpa etməyi nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, bu barədə Bundestaqın Müdafiə Komitəsinin sədri, Xristian Demokrat İttifaqının nümayəndəsi Tomas Rövekamp açıqlama verib. Onun sözlərinə görə, könüllü xidmət sistemi silahlı qüvvələrin şəxsi heyətlə təmin edilməsində gözlənilən nəticəni verməsə, ölkə yenidən məcburi hərbi xidmətə qayıtmalı olacaq.

“Əgər bu məqsədlərə könüllü xidmət vasitəsilə nail ola bilməsək, məcburi hərbi xidmətə qayıtmağa məcbur olacağıq”, - deyə Rövekamp bildirib.

O qeyd edib ki, qərar gələn ilin iyulun 31-dək qəbul edilməlidir. Həmin tarixdə hərbi xidmətlə bağlı qüvvədə olan qanunvericilik tətbiq olunmağa başlayacaq. Bununla yanaşı, Almaniya hakimiyyəti əvvəllər könüllülərin cəlbi üçün istifadə edilən modelin genişləndirilməsini də müzakirə edir.

Berlin 2035-ci ilədək Bundesverin şəxsi heyətinin sayını hazırkı 185 mindən təxminən 260 min nəfərə çatdırmağı planlaşdırır. Lakin Rövekamp hesab edir ki, mövcud çağırış tempi bu hədəfə yalnız könüllülük prinsipi ilə çatmağın mümkün olub-olmayacağına dair ciddi suallar yaradır.

Almaniya 2011-ci ildə məcburi hərbi xidməti dayandırdıqdan sonra, Ukraynada genişmiqyaslı müharibənin başlanması ilə Avropada təhlükəsizlik mühitinin dəyişməsi fonunda müdafiə siyasətinə yenidən baxır.

Hakimiyyət həmçinin ehtiyat qüvvələrinin hazırlığının genişləndirilməsi və çağırış yaşında olan vətəndaşların məcburi qeydiyyat sisteminin tətbiqi məsələsini də nəzərdən keçirir.

Oxşar təşəbbüslər Avropanın digər ölkələrində də müzakirə olunur. Fransa milli könüllü xidmət proqramına başlayır, Polşa isə əhalinin hərbi hazırlıq proqramlarını genişləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin