“Reuters”: Venesuelada zəlzələlərin nəticələrinin aradan qaldırılması aylarla davam edə bilər

2026/06/1782570418.jpg
Oxunub: 227     18:19     27 İyun 2026    
Humanitar təşkilatlar Venesuelada baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasının genişmiqyaslı dağıntılar və zərərçəkmiş ərazilərə çıxışın məhdud olması səbəbindən uzun müddət davam edəcəyini bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) vitse-prezidenti və proqramlar üzrə rəhbəri Elinor Reyks bildirib ki, təşkilat təkcə təcili yardım tədbirlərini deyil, həm də əsas dövlət xidmətlərinin uzunmüddətli bərpasını nəzərdən keçirir.

“Biz daha uzunmüddətli perspektiv barədə də düşünməliyik. Bu, həftələrlə deyil, aylarla davam edəcək bir cavab tədbiri olacaq”, - deyə o bildirib.

Reyksin sözlərinə görə, yardımın çatdırılması ölkənin infrastrukturunun zədələnməsi səbəbindən çətinləşib. Əsas hava limanı zərər gördüyü üçün humanitar yüklərin genişmiqyaslı daşınması mümkünsüzləşib.

IRC-nin qonşu Kolumbiyada yardım ehtiyatları mövcuddur, lakin onların Venesuelaya çatdırılması üçün hava əlaqəsinin bərpası zəruridir.

Təşkilatın komandası yaxın günlərdə zərərçəkənlərin ərzaq, içməli su, müvəqqəti sığınacaq kimi ilkin ehtiyaclarının təmin olunmasına və səhiyyə müəssisələrinə tibbi ləvazimatların çatdırılmasına diqqət yetirəcək.

Məlumata görə, Venesuela xəstəxanalarında su, antibiotiklər, venadaxili məhlullar, anesteziya vasitələri və digər tibbi sərf materialları da daxil olmaqla həyati əhəmiyyətli resursların ciddi çatışmazlığı müşahidə olunur.

Pediatr Xuniades Urbina-Medinanın sözlərinə görə, Karakas və La Quayrada yerləşən azı iki xəstəxana zəlzələlər nəticəsində qismən dağılıb və köhnəlmiş infrastruktur səbəbindən artan yükə tab gətirə bilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin