“Xatəm əl-Ənbiya”: İran Silahlı Qüvvələri korrupsiyaya qarşı mübarizədə məhkəmə orqanları ilə əməkdaşlığa hazırdır

2026/06/1782565019.jpg
Oxunub: 269     16:46     27 İyun 2026    
“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi bəyan edib ki, İran Silahlı Qüvvələri mütəşəkkil korrupsiyaya qarşı mübarizə və milli təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində məhkəmə orqanları ilə əməkdaşlığa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məhkəmə Hakimiyyəti Həftəsi münasibətilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Möhseni Eceyiyə ünvanlanan müraciətdə İran Silahlı Qüvvələrinin vətəndaş hüquqlarının qorunması, mütəşəkkil təhdidlər və korrupsiyaya qarşı mübarizə, eləcə də ölkənin uzunmüddətli təhlükəsizliyi və milli sabitliyinin möhkəmləndirilməsi istiqamətində tam əməkdaşlığa hazır olduğu bildirilib.

Abdullahi həmçinin 1981-ci il iyunun 28-də Tehranda baş vermiş partlayış qurbanlarının, o cümlədən Ayətullah Məhəmməd Hüseyni Beheşti və daha 72 yüksəkrütbəli rəsmisinin xatirəsini yad edib.

O, həmin terror aktını İslam İnqilabı tarixində dönüş nöqtəsi və ədalət, qanunun aliliyi uğrunda fədakarlığın simvolu adlandırıb.

General İran məhkəmə sisteminin ədalətin təmin olunması, vətəndaşların qanuni hüquqlarının qorunması, ictimai etimadın möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Onun sözlərinə görə, İran İslam Respublikasına qarşı aparılan “mürəkkəb hibrid, koqnitiv, iqtisadi və informasiya müharibəsi” şəraitində məhkəmə hakimiyyəti korrupsiyaya qarşı mübarizə, qanunun icrası, vətəndaş hüquqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Abdullahi qeyd edib ki, ədalətin təmin olunması İslam İnqilabının əsas məqsədlərindən biri olaraq qalır və sosial kapitalın, milli birliyin, eləcə də dövlət institutlarının səmərəliliyinin möhkəmlənməsinə xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Əli-Abdullahi  


Bizi "telegram"da izləyin