Rusiyalı ekspert: “Ankaranın razılığı olmadan Avropa İttifaqının regionda iştirakı mümkün deyil”

2026/06/1782457035.jpg
Oxunub: 317     16:55     27 İyun 2026    
Avropa İttifaqı Cənubi Qafqazda “Bağlantılılıq Gündəliyi Platforması”nı işə salaraq regional logistika layihələrində iştirakını genişləndirir.

Avropa İttifaqı Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək məqsədilə “Bağlantılılıq Gündəliyi Platforması” (Connectivity Agenda Platform) adlı yeni təşəbbüsü rəsmi olaraq istifadəyə verib. Ermənistan mediası və sosial şəbəkələrində əsas müzakirə mövzusu Avropa Komissiyasının üzvü Marta Kosun erməni ərikləri ilə çəkdirdiyi foto olsa da, Brüsseldə region üçün daha əhəmiyyətli proses baş verib.

Avropa İttifaqının məlumatına görə, yeni platforma Avropanı Qara dəniz regionu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirməyi hədəfləyir. Son illər Ermənistanda təsir imkanlarını xeyli artıran Aİ, ABŞ-dən fərqli olaraq, Cənubi Qafqazda logistika layihələrinin inkişafı ilə bağlı geosiyasi müzakirələrdən kənarda qalmışdı. Yeni platforma vasitəsilə Brüssel regional infrastrukturun idarə olunması prosesində daha fəal iştirak etməyə çalışır.

Avropa Komissiyası bildirib ki, “Bağlantılılıq Gündəliyi Platforması”nın istifadəyə verilməsi ilə yanaşı, beynəlxalq maliyyə institutları ilə də razılaşmalar imzalanıb. Bu razılaşmalar çərçivəsində Qara dəniz regionunda və Cənubi Qafqazda bağlantılılığın inkişafı üçün ümumilikdə 2 milyard avroya qədər strateji investisiyanın cəlb edilməsi planlaşdırılır.

Platforma Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos, beynəlxalq tərəfdaşlıqlar üzrə komissar Yozef Sikela və dayanıqlı nəqliyyat üzrə komissar Apostolos Tsitsikostasın ev sahibliyi etdiyi yüksək səviyyəli nazirlər toplantısında təqdim olunub.

Brüsselin yaydığı açıqlamaya əsasən, platforma iştirakçı ölkələr, beynəlxalq maliyyə institutları və digər maraqlı tərəflər üçün nəqliyyat, energetika, rəqəmsal bağlantılılıq və ticarət sahələrində investisiyaların və siyasi addımların əlaqələndirilməsi məqsədilə vahid çərçivə rolunu oynayacaq.

Bəyanatda qeyd olunur ki, iştirakçılar regionla əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Transxəzər Nəqliyyat Dəhlizinin əməliyyat səmərəliliyinin artırılması barədə də razılığa gəliblər. Onlar Avropa Komissiyasını dəhlizin fəaliyyətini qiymətləndirməyə və onun rəqabət qabiliyyətini artırmaq üçün prioritet tədbirlər təklif etməyə dəvət ediblər.

“Bağlantılılıq Gündəliyi”nin həyata keçirilməsini dəstəkləmək məqsədilə Avropa Komissiyası beynəlxalq maliyyə institutları ilə niyyət bəyannamələri imzalayıb. Bu sənədlər vasitəsilə Qara dəniz regionu və Cənubi Qafqazda nəqliyyat infrastrukturunun, sərhəd-keçid məntəqələrinin və ticarətin asanlaşdırılmasına yönəlmiş layihələr üçün 2 milyard avroya qədər investisiya cəlb edilməsi nəzərdə tutulur”, - deyə bəyanatda bildirilir.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, artan münaqişələr fonunda bu qədər ölkənin vahid proqram ətrafında birləşməsi ümidvericidir.

“Bizə etibarlı ticarət marşrutları lazımdır və Transxəzər Nəqliyyat Dəhlizi artıq belə marşruta çevrilib. Qarşıdakı 15 il ərzində bu marşrut üzrə ticarət dövriyyəsi beş dəfə arta bilər”, - deyə o qeyd edib.

Marta Kos, həmçinin Orta Dəhlizdə Türkiyənin roluna toxunaraq bildirib ki, Türkiyənin güclü iştirakı olmadan güclü Orta Dəhlizi, eləcə də rəqəmsal, enerji və ticarət əlaqələrini təsəvvür etmək mümkün deyil.

Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyə ilə təmasları davam etdirəcək və yaxın vaxtlarda türk rəsmiləri ilə yeni görüşlər keçiriləcək. Marta Kos əlavə edib ki, ayın sonuna doğru Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və daxili işlər və miqrasiya üzrə komissar Maqnus Brunner ilə birlikdə Ankaraya səfər edəcək.

Ordu.az-ın məlumatına görə, rusiyalı analitik Aleksandr Xramçixin mövcud vəziyyəti şərh edib.

Xramçixin bildirib ki, Avropa İttifaqının bu təşəbbüsünü yalnız iqtisadi dəstək kimi qiymətləndirmək düzgün olmaz.

Onun sözlərinə görə, bu, Aİ-nin regionda mövqeyini möhkəmləndirməyə yönəlmiş növbəti addımdır və əsas məqsəd yeni logistika marşrutlarının formalaşdırılması prosesinə investisiyalar, məsləhət və digər dəstək proqramları vasitəsilə təsir göstərməkdir.

“Onilliklər ərzində Orta Dəhliz layihəsində əsas təsir regional oyunçular, yəni Türkiyə və Mərkəzi Asiya dövlətlərinə məxsus olub. Bu prosesdə Pekin də iqtisadi “yumşaq güc” vasitəsilə mövqelərini gücləndirib. Rusiya isə regionda Qərbin təsirinin artmasının qarşısını almaq üçün geosiyasi rıçaqlarından istifadə etməyə davam edir.

Belə bir şəraitdə Brüssel yeni platformalar vasitəsilə regiona daxil olmağa çalışır. Bu, Brüssel üçün sadəcə infrastruktur layihəsi deyil, Avropanın logistikanın idarə edilməsində əsas mərkəzlərdən birinə çevrilməsi istiqamətində hegemonluğunu gücləndirmək cəhdidir”, - deyə Xramçixin bildirib.

Analitik qeyd edib ki, Avropa İttifaqının bu siyasəti təhlükəsizlik strategiyası ilə də bağlıdır. Onun fikrincə, Ukraynada davam edən müharibə fonunda Rusiya layihələrindən yan keçən marşrutların mövcudluğu Avropa üçün həyati əhəmiyyət daşıyır.

“Aİ enerji və yük tədarükünü şaxələndirmək üçün yeni imkanlar yaratmağa çalışır. Orta Dəhliz Avropa üçün strateji əhəmiyyət daşıyır və buna görə də Brüssel bu layihədə iştirakını təmin etmək üçün 2 milyard avroluq investisiya yatırmağa hazırdır”, - deyə o vurğulayıb.

Türkiyənin rolu ilə bağlı Aİ rəsmilərinin açıqlamalarına münasibət bildirən Xramçixin qeyd edib ki, Brüsseldə anlayırlar ki, Ankaranın razılığı olmadan bu prosesdə iştirak mümkün deyil.

“Buna görə də Türkiyə ilə münasibətlərin dərinləşdirilməsi Avropa İttifaqının regional siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Avropa İttifaqı fəallığını artırmaqla regional razılaşmalar mühitinə daxil olmağa çalışır. Brüssel istəyir ki, Orta Dəhlizin gələcəyi təkcə Ankarada və ya digər paytaxtlarda deyil, həm də Avropa İttifaqında müəyyənləşdirilsin. Bunun nə dərəcədə mümkün olacağı isə region ölkələrinin mövqeyindən asılı olacaq”, - deyə Xramçixin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin