Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
İran Ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri general Əhməd Rza Purdəstan yerli mediaya müsahibəsində bildirib ki, İranın hərbi doktrinası müdafiə xarakterindən hücum xarakterinə keçib.
General qeyd edib ki, bu doktrina çərçivəsində qabaqlayıcı tədbirlər də nəzərdə tutulur.
“Əgər lazım gələrsə, naməlum bölgələrdə qabaqlayıcı əməliyyatlar həyata keçirərək düşməni təəccübləndirə bilərik”, - deyə o vurğulayıb.
Purdəstan əlavə edib ki, İran Silahlı Qüvvələri hələ öz imkanlarının böyük hissəsini istifadə etməyib.
Onun sözlərinə görə, qarşı tərəf yaxşı bilir ki, hər hansı səhv addım atacağı halda cavab təkcə sərhədlərdə və Hörmüz boğazında deyil, onlardan kənarda da veriləcək.
General son hərbi əməliyyatları təhlil edərək bildirib ki, İran və “Müqavimət Cəbhəsi” ABŞ rəhbərliyindəki “yəhudi, Qərb və ərəb” qüvvələrinin koalisiyasına qarşı qeyri-bərabər müharibə aparıb.
O iddia edib ki, bu qarşıdurmalarda əsas uğur göstəricisi qarşı tərəfin atəşkəs istəməsi olub.
“Tarix boyu müharibələrdə məğlub tərəf həmişə atəşkəs istəyib. 46 illik sanksiyalara baxmayaraq döyüşçülərimizin müqaviməti düşməni ümidsiz vəziyyətə salıb. ABŞ rəsmilərinin bu gün güc nümayiş etdirməsi onların qüdrətindən deyil, məhz ümidsizliklərindən və ABŞ-nin zəifləməsindən qaynaqlanır”, - deyə Purdəstan bildirib.
General həmçinin Livandakı vəziyyətə toxunaraq İranın Livan xalqını müdafiə etməyə tam hazır olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az