Ordu.az xəbər verir ki, bunu “Ermənistan mənəm” siyasi təşəbbüsünün rəhbəri, erməni iqtisadçı Nairi Sarkisyan deyib.
Sarkisyanın sözlərinə görə, Nikol Paşinyanın irəli sürdüyü “müstəqillik formulu” əslində bir neçə mərkəzdən asılılığı daha çox sayda xarici aktordan asılılıqla əvəz etməkdən ibarətdir.
“Nikol Paşinyanın müstəqillik formulu az sayda tərəfdən asılılığı çox sayda tərəfdən asılılıqla əvəz etmək idi. O, “çoxları” dedikdə Azərbaycanı və Türkiyəni nəzərdə tuturdu. “Telecom Armenia” şirkətinin Azərbaycan telekommunikasiya şirkəti ilə bağladığı müqavilə təhlükəlidir. İnternetimiz Azərbaycanın nəzarətinə keçir. İstəsələr, 10 gün internetimiz olmayacaq. Məlumatların ötürülməsi ilə bağlı risklər də mövcuddur. Bu isə Ermənistanın bütün informasiya məkanının Azərbaycana təhvil verilməsi deməkdir”, - deyə o bildirib.
Erməni iqtisadçı son seçkilərlə bağlı da sərt mövqe nümayiş etdirib.
“Mənim yetkinlik dövrüm ərzində keçirilən seçkilər arasında inzibati resurslardan bu qədər geniş istifadə olunduğunu xatırlamıram. Buna dövlət seçki rüşvətini və seçki saxtakarlığını da əlavə etsək, nəticənin necə olacağı əvvəlcədən məlum idi. Bütün bunlar da kifayət etmədi və gecə saat 2-də səslərin hesablanmasının dayandırılması qərarı verildi ki, sonda istədikləri nəticə alınsın”, - deyə Sarkisyan vurğulayıb.
Onun fikrincə, müxalifətin bütün addımları əsas məqsədə, yəni hakimiyyət dəyişikliyinə xidmət etməlidir.
“Əsas məqsəddən çıxış edərək müxalifətin bütün hərəkətləri müəyyənləşdirilməlidir. Hüquqi mübarizə aparılmalıdır, lakin bu, başqa mübarizə formaları ilə də müşayiət olunmalıdır. Ermənistan üçün bir nömrəli təhlükə hələ aradan qalxmayıb. Əgər mandat götürmək və hüquqi mübahisələr həmin təhlükənin aradan qaldırılmasına kömək edəcəksə, bunu etmək lazımdır. Əgər küçə mübarizəsi kömək edəcəksə, ona da əl atılmalıdır”, - deyə o qeyd edib.
Sarkisyan hesab edir ki, Nikol Paşinyan növbəti seçkilərdə indiki dəstəyini belə qoruya bilməyəcəyini anlayır.
“Nikol Paşinyan çox yaxşı bilir ki, bir daha seçkiyə getsə, indiki səslərini də ala bilməyəcək. Buna görə də yaxın dövrdə dövlət seçki rüşvətinin həcmini daha da artıracaq və yalnız bundan sonra növbədənkənar seçkilərə gedəcək”, - deyə müsahib bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hakimiyyətinə münasibətini də şərh edib.
“İlham Əliyev çox konkret sual verir: Konstitusiyanı dəyişirsən, yoxsa yox? Dəyişmirsənsə, deməli, mənə lazım deyilsən. Bu halda get və üzərinə düşən tapşırığı yerinə yetir. Əgər Paşinyan bunu edə bilməsə, onun üçün növbədənkənar seçkilər keçirmək baxımından legitim əsas formalaşacaq”, - deyə Sarkisyan vurğulayıb.
Erməni iqtisadçının sözlərinə görə, Ermənistanda müəyyən anti-Rusiya dalğası mövcuddur və seçkilərdən əvvəl baş verən hadisələr Paşinyanın xeyrinə işləyib.
“Ermənistanda ölçülə bilən anti-Rusiya dalğası var. Seçkilərdən bir həftə əvvəl Rusiyanın Ermənistana qarşı atdığı addımlar Paşinyana kömək etdi. İnsanlar Rusiyaya qarşı kökləndilər. Halbuki həmin vəziyyətə gətirib çıxaran elə Nikol Paşinyanın siyasəti idi. Paşinyan Praqada Qarabağı Azərbaycana verdi, amma bəzi insanlar hələ də deyirlər ki, Qarabağı Azərbaycana Rusiya verdi”, - deyə o bildirib.
Sarkisyan Avrasiya İqtisadi Birliyindən çıxma ehtimalını Ermənistan üçün ciddi təhlükə hesab edir.
“Avrasiya İqtisadi Birliyində qərarlar konsensus əsasında qəbul edilir və mənim hələ də kiçik ümidim var ki, Ermənistan bu birlikdən çıxmayacaq. Çünki bu, Ermənistanın sonu olacaq”, - deyə o vurğulayıb.
Sarkisyan Ermənistan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problemlərə də toxunub.
“Erməni kənd təsərrüfatı məhsullarının problemləri var. Rusiya illər boyu buna göz yumurdu, indi isə yummur. Bəziləri dərhal deyir ki, Rusiya düşməndir. Amma Avropa eyni problemlərə görə Ermənistan məhsullarını qəbul etməyəndə həmin adamlar deyirlər ki, Avropa yaxşıdır”, - deyə o bildirib.
Erməni iİqtisadçı Avropanın Ermənistana təklif etdiyi maliyyə dəstəyini də tənqid edib.
“Təsəvvür edin ki, səhradasınız, ətrafınızda nə heyvanat aləmi var, nə də bitki örtüyü. Sizə 1 milyon dollar verirlər. Həmin pulla nə edəcəksiniz, qumu yeyəcəksiniz? Avropanın etdiyi də budur. Deyir ki, Rusiya ilə əlaqələri kəsin, məhsul göndərməyin, mən sizə faizlə pul verəcəyəm. Biz isə bunu alqışlayırıq. Avropa sadəcə vədlər verir. Üç il əvvəl də 2,5 milyard avro vəd edilmişdi. Həmin vəsait haradadır?”, - deyə Sarkisyan bildirib.
Sarkisyanın fikrincə, Rusiya bazarının itirilməsi Ermənistan kənd təsərrüfatı üçün dağıdıcı nəticələrə səbəb olacaq.
“Rusiyaya məhsul ixrac etməmək Ermənistan kənd təsərrüfatının məhvi deməkdir. Ermənistan ətrafındakı halqa getdikcə daralır və bizim müqavimət qabiliyyətimizin onurğa sütununu qırır. İnternet sahəsində Azərbaycanın təsiri altına düşürük, energetika sahəsində isə Türkiyənin. Çünki bizə atom elektrik stansiyasını bağlamağı təlqin edirlər, eyni zamanda Türkiyədə yeni atom elektrik stansiyası tikilir. Paşinyan Avropa qablaşdırması altında Ermənistanı dolayı yolla Azərbaycan vasitəsilə Türkiyənin tam nəzarətinə verir”, - deyə o iddia edib.
Sarkisyan, həmçinin Paşinyanın legitimlik problemi ilə üzləşdiyini düşünür.
“Nikol Paşinyanın legitimlik problemi var. O, hamımızın rifahını təhlükə altına qoya bilər, amma özünə qarşı narazılığın artmasına imkan verməyəcək. Hazırda vəziyyət o həddə çatıb ki, sözün əsl mənasında pul dilənir ki, insanların narazılığını azaltsın. Bu gün alınan hər borc gələcəkdə vergilərin artırılması hesabına qaytarılacaq”, - deyə o vurğulayıb.
Sarkisyan sonda Ermənistan vətəndaşlarına çağırış edib.
“İnsanlara bir məsləhətim var: Ermənistanın əsas şəri hesab etdiyim Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına yönəlmiş istənilən prosesdə fəal iştirak etsinlər. Paşinyan seçilməyib, legitim deyil. Amma bir yaxşı xəbər də var, o, Konstitusiyanı dəyişə və ərazi güzəştlərinə gedə bilməyəcək. İstənilən an onu hakimiyyətdən uzaqlaşdırmağa hazır olmaq lazımdır”, - deyə o qeyd edib.
Müəllifin sözlərinə görə, Paşinyan gec-tez növbədənkənar seçkilərə getməyə məcbur olacaq.
“300 min azərbaycanlının qayıdışı ilə bağlı tezis uydurma deyil, Yuxarı Əskiparanın təhvil verilməsi uydurma deyil, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan iddiaları da uydurma deyil. Buna görə də 6 aydan 1,5 ilə qədər müddətdə keçirilə biləcək növbədənkənar seçkilərə hazır olmaq lazımdır”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az