Fransa “gəzən sursat” istehsalına start verir

2026/06/1781971112.jpg
Oxunub: 207     19:57     20 İyun 2026    
Fransanın “Renault Group” və “Thales” şirkətləri “Toutatis” adlı “gəzən sursat” sisteminin birgə hazırlanması və seriyalı istehsalı ilə bağlı strateji saziş imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Parisdə keçirilən “Eurosatory” müdafiə sərgisində məlumat verilib.

Tərəflər istehsal gücünü aylıq 1000 ədədə qədər artırmağı hədəfləyirlər. Layihə “Thales”in müdafiə texnologiyaları sahəsindəki təcrübəsini “Renault”nun genişmiqyaslı istehsal imkanları ilə birləşdirəcək.

Məlumata görə, əməkdaşlıq Fransanın yerli Pilotsuz Uçuş Aparatı (PUA) sənayesinin gücləndirilməsi və Avropanın xarici istehsalçılardan asılılığının azaldılması məqsədi daşıyır. Şirkətlər bildirirlər ki, Ukrayna müharibəsindən çıxarılan dərslər bu istiqamətdə mühüm rol oynayıb.

“Renault Group”un baş direktoru Fransua Provost qeyd edib ki, iki aparıcı Fransa şirkətinin güclərinin birləşdirilməsi daha qısa müddətdə və daha aşağı xərc ilə istehsalın təşkilinə imkan verəcək.

“Thales” şirkətinin baş direktoru Patris Keyn isə layihəni müharibə dövrünün istehsal ehtiyaclarına cavab verən və milli imkanları gücləndirən mühüm dönüş nöqtəsi adlandırıb.

Şirkətlər bundan əvvəl sərgidə 4 TROOP adlı yeni taktiki platformanı da təqdim ediblər. Platforma PUA-ları, sensorları, təhlükəsiz rabitə sistemlərini və süni zəka əsaslı qərar dəstək vasitələrini vahid sistemdə birləşdirir.

“Toutatis” qısa mənzilli “gəzən sursat” sistemi kimi hazırlanıb. O, həm piyada bölmələri tərəfindən istifadə oluna, həm də quru, hava və dəniz platformalarından buraxıla bilir.

Sistem elektromaqnit maneələrinə qarşı davamlıdır və müxtəlif tapşırıqlara uyğun fərqli döyüş başlıqları daşıya bilir. İstehsalçı şirkət vurğulayır ki, hədəfə zərbə endirilməsi barədə son qərar həmişə insan operator tərəfindən verilir.

Təxminən 5 kiloqram ağırlığında olan “Toutatis”in qanad açılımı 1 metrdən azdır. Sistem 30 dəqiqəyədək avtonom uçuş həyata keçirə bilir.

30 kilometr mənzilə malik “gəzən sursat” cəmi 5 dəqiqəlik hazırlıqdan sonra istifadəyə hazır vəziyyətə gətirilir və hədəfə hücum zamanı saatda 150 kilometr sürətə çata bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Renault-Group   Thales  


Bizi "telegram"da izləyin