Culfada şəhid Hafis Qasımovun xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib - FOTOLAR

2026/06/fd7c8-1781964064.jpg
Oxunub: 233     18:03     20 İyun 2026    
Culfa rayon Mədəniyyət Sarayında Culfa rayonunun Camaldın kəndindən olan şəhidimiz Hafis Cavanşir oğlu Qasımovun əziz xatirəsinə həsr olunmuş "Şəhid leytenantın ömür yolu" adlı kitabın təqdimat mərasimi olub.

Mərasimdə şəhid ailələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin, Culfa rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, prokurorluq orqanlarının əməkdaşları və digər qonaqlar iştirak ediblər.


Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov, şəhid Emin Sadiqovun anası Gülşad xanım çıxış edərək, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüş əməliyyatlarında və postmüharibə dövründə qəhrəmancasına əbədiyyətə qovuşmuş övladlarımızın adlarının əbədiləşdirilməsi istiqamətində atılan bu cür addımları yüksək qiymətləndiriblər. Çıxış edənlər şəhidin doğmalarına dərin hörmət və ehtiramını çatdıraraq, kitabın müəllifinə öz təşəkkürlərini bildiriblər.

Daha sonra şəhid Hafis Qasımovun Hərbi liseydə bölük komandiri olmuş, Əlahiddə Ümumqoşun Ordunun zabiti Naib Cəfərov çıxış edərək nəşrin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Zabit diqqətə çatdırıb ki, liseydə təhsil alanlar 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq nümunəsi göstərmiş, şəhidlik zirvəsinə yüksələnlər də olmuşdur. Zabit Hafisin Hərbi liseydə təhsil aldığı illərdə öz mehribanlığı, dərslərinə olan xüsusi diqqəti və yüksək məsuliyyəti ilə həmyaşıdlarından seçildiyini vurğulayıb. O, qeyd edib ki, Hafis hərbi sirlərə dərindən yiyələnmək üçün böyük aktivlik göstərir, maraqlandığı mövzularda tam məlumat əldə edənə qədər səylə çalışırdı. Dostcanlılığı və komandir heyətinin verdiyi tapşırıqları qətiyyətlə, dəqiqliklə yerinə yetirməsi ilə yadda qalan Hafis Qasımovun Vətən müharibəsində göstərdiyi şücaət hər bir gəncə örnəkdir. Zabit N.Cəfərov qəhrəman şəhid haqqında işıq üzü görən bu kitabın gənc nəsil üçün mühüm bir tarixi fakt olduğunu bildirib.

Mərasimin davamında şəhid Hafis Qasımovla çiyin-çiyinə vuruşmuş döyüş yoldaşı baş leytenant Əkbər Rəhimov onunla bağlı xatirələrini bölüşüb. O, həm təhsil illərində, həm də cəbhə xəttində aralarında olan səmimi dostluq münasibətlərindən və şəhidimizin döyüşdə göstərdiyi rəşadətindən bəhs edib.


Culfa rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Ceyhun Bayramov, şəhidin orta məktəbdə və Hərbi liseydə təhsil aldığı illərdə ona dərs deyən müəllimləri Hafis Qasımovla bağlı yaddaşlarında qalan dəyərli anları bölüşüblər. 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Rəsmi hissədən sonra mərasim Culfa rayon Mədəniyyət Evinin və şəhər tam orta məktəb kollektivinin hazırladığı bədii kompozisiya ilə davam edib.

Mərasimin sonunda şəhidin valideynləri Cavanşir bəy və Nigar xanım çıxış edərək, övladlarının xatirəsinə göstərilən bu yüksək ehtirama görə tədbir iştirakçılarına və kitabın müəllifi İsmayıl Ağayevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra müəllif çıxış edərək, ötən ilin sentyabrından qələmə almağa başladığı kitab haqqında geniş məlumat verib. Nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, şəhidin qardaşı Nəcmi Qasımova göstərdiyi xüsusi dəstəyə görə təşəkkür edib.
Təqdimat mərasimi xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Bəxtiyar Əliyev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Culfa   Şəhid   Hafis-Qasımov  


Bizi "telegram"da izləyin