Rusiyalı şərqşünas: “ABŞ-İran çərçivə sazişi Cənubi Qafqazda qüvvələr balansını dəyişə bilər”

2026/06/1781844926.jpg
Oxunub: 274     16:15     20 İyun 2026    
“İran bu sənəddə əvvəldən bəyan etdiyi qırmızı xətləri qoruyub saxlaya bilib”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Viktor Nadein-Rayevski deyib.

Onun sözlərinə görə, çərçivə sazişinin məzmunu gözlənilən idi, balanslaşdırılmış xarakter daşıyırdı və tərəflərin maraqlarına uyğun gəlirdi.

Analitik hesab edir ki, İran İslam Respublikası bu mətn daxilində əvvəlcədən elan etdiyi “qırmızı xətlər”i qorumağa nail olub.

“Nazırkı mərhələdə biz yalnız bu sənədin mətnini qiymətləndirə bilərik. Bu, memorandum formatına malik bir sənəddir. Əsas məsələ tərəflərin ona nə dərəcədə ciddi yanaşacağı və orada təsbit olunan bütün müddəalara əməl edib-etməyəcəyidir. Belə mürəkkəb və qarşıdurma şəraitində olan tərəflər arasında əldə edilən razılaşmalardan sonra əsas sual budur ki, tərəflər həmin öhdəliklərə əməl edəcəklər, yoxsa etməyəcəklər.

Təcrübə göstərir ki, bu tip sənədlərin siyasi çəkisi imzalandığı anda deyil, sonrakı praktiki addımlarla ölçülür. Bu baxımdan 2015-ci il nüvə sazişinin taleyini xatırlamamaq mümkün deyil. Uzun illər davam edən mürəkkəb danışıqların nəticəsi olan həmin tarixi sənəd 2018-ci ildə ABŞ-nin ondan birtərəfli qaydada çıxması və sanksiyaları bərpa etməsi ilə faktiki olaraq qüvvəsini itirdi. Buna görə də Ağ Evdə yenidən Donald Trampın olduğu bir vaxtda bu çərçivə sazişinin nəticələrinə ehtiyatla yanaşmaq lazımdır. Çünki istənilən tərəddüd və ya dəyişiklik bu çətinliklə əldə olunmuş nailiyyəti təhlükə altına qoya bilər”, - deyə Viktor Nadein-Rayevski bildirib.

Onun fikrincə, buna baxmayaraq, ABŞ-İran çərçivə sazişindən ani və uzunmüddətli sülh gözləmək düzgün olmaz, xüsusilə də nəzərə almaq lazımdır ki, prosesdə dolayı şəkildə İsrail amili də mövcuddur.

Analitik hesab edir ki, sənəd tərəflər üçün yalnız ümumi oyun qaydalarını və gərginliyin azaldılması niyyətini müəyyən edir.

“Böyük ehtimalla yaxın gələcəkdə “addımın müqabilində addım” prinsipi tətbiq olunacaq. Lakin nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə baş verə biləcək hər hansı gözlənilməz və planlaşdırılmamış hadisə bu həssas vəziyyəti pozmağa qadirdir. İranın daxili həyatı baxımından isə bu razılaşma mühüm əhəmiyyət daşıyır. Bu, milli valyutanın sabitləşdirilməsinə, sosial narazılığın yumşaldılmasına və ölkədaxili mövqelərin gücləndirilməsinə imkan yarada bilər. Çünki ABŞ ilə müharibə təhlükəsi yaranmazdan əvvəl İranda daxili vəziyyət kifayət qədər qeyri-sabit idi. Tehran bu fasilədən istifadə edərək diplomatik təcridini qırmağa, dünyanın əsas iqtisadi mərkəzləri ilə əlaqələrini və təsir imkanlarını bərpa etməyə çalışacaq”, - deyə o bildirib.

Nadein-Rayevskinin qənaətincə, bu qlobal razılaşma Cənubi Qafqaz üçün də müəyyən nəticələr doğuracaq və regionda qüvvələr balansına təsir göstərəcək.

“Əgər ABŞ-İran münasibətlərində mövcud vəziyyət uğurla davam edərsə, İran regionda həm siyasi, həm də iqtisadi baxımdan güclənəcək və müxtəlif layihələrdə iştirak etməklə yeni təşəbbüslərlə çıxış etməyə başlayacaq. Ermənistan üçün bu, İranla əlaqələri daha da dərinləşdirmək imkanı yaradacaq. Lakin bir daha vurğulayıram ki, hazırda ən vacib məsələ tərəflərin əldə olunmuş razılaşmalara necə əməl edəcəyi və sonradan daha geniş sazişin imzalanmasına aparacaq “addımın müqabilində addım” mərhələsini necə keçəcəkləridir”, - deyə Viktor Nadein-Rayevski qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rayevski   ABŞ   İran  


Bizi "telegram"da izləyin