Makron Avropanın Hörmüz boğazında gəmiçiliyin qorunması üçün qüvvə yerləşdirməyə hazır olduğunu bildirib

2026/06/1781536698.jpg
Oxunub: 195     22:20     15 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunması şərtləri razılaşdırılan Avropa ölkələri ABŞ, İran və ya Oman tərəfindən müvafiq müraciət ediləcəyi təqdirdə bir neçə gün ərzində qüvvələr yerləşdirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Makron G7 sammiti çərçivəsində keçirilən çıxışında danışıb.

Onun sözlərinə görə, söhbət aviasiyanın, hərbi dəniz qüvvələrinin və aviadaşıyıcı zərbə qruplarının mümkün iştirakından gedir.

“Biz sabahdan etibarən müşahidə missiyaları üçün qırıcılar göndərməyə, 48 saat ərzində freqatlar yerləşdirməyə, iki-üç gün ərzində isə freqatlarla birlikdə aviadaşıyıcı göndərməyə hazırıq. Çünki aviadaşıyıcı bütün qrupu müşayiət edir. Əlbəttə, bunun üçün ABŞ, İran və Oman tərəfindən belə bir müraciət olmalıdır”, - deyə Makron bildirib.

Fransa Prezidenti qeyd edib ki, Avropa sürətli şəkildə hərəkət etməyə hazırdır, lakin yekun qərar tərəflərin siyasi razılığından asılı olacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün xüsusi yardıma ehtiyac duymayacağını bildirmişdi. O, eyni zamanda bir və ya iki xarici hərbi gəminin bölgədə mövcudluğunu “pis fikir” hesab etmədiyini də vurğulamışdı.

Bundan əvvəl ABŞ, İran və Pakistan nümayəndələri atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləmiş, sənədin 2026-cı il iyunun 19-u Cenevrədə imzalanacağı açıqlanmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Hörmüz  


Bizi "telegram"da izləyin