Papuaşvili: “Gürcü Arzusu” hakimiyyətdə olduğu müddətdə ölkədə gürcü xalqının maraqları həyata keçiriləcək”

2026/06/1781283163.jpg
Oxunub: 232     20:51     12 İyun 2026    
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, ölkədə ilk növbədə gürcü xalqının maraqları qorunmalıdır və “Gürcü Arzusu” hakimiyyətdə olduğu müddətdə məhz bu maraqlar rəhbər tutulacaq.

Ordu.az xəbər verir ki, Papuaşvili bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, müxalif siyasətçi Nika Qvaramiyanın ABŞ-Gürcüstan münasibətləri və Gürcüstan-Çin strateji tərəfdaşlığı ilə bağlı mövqeyini şərh edərək bildirib ki, bəzi şəxslər öz ölkələrinin deyil, xarici qüvvələrin maraqlarına xidmət etməyə hazır olduqlarını nümayiş etdirirlər.

“Gürcüstan ilk növbədə gürcü xalqının maraqlarına uyğun hərəkət etməlidir və bunu da “Gürcü Arzusu” hakimiyyəti edir. Əgər kimsə başqa cür istəyirsə, hakimiyyətə “Milli Hərəkat”ı gətirməlidir və onlar gürcü xalqının deyil, başqa xalqların maraqlarına xidmət edəcəklər. “Gürcü Arzusu” hakimiyyətdə olduğu müddətdə bu ölkədə gürcü xalqının maraqları həyata keçiriləcək”, - deyə o bildirib.

Papuaşvilinin sözlərinə görə, suveren dövlətlər arasında əməkdaşlığın əsasında ümumi maraqların axtarışı dayanır və Gürcüstan bütün ölkələrə münasibətlərdə məhz bu yanaşmanı təklif edir.

O həmçinin qeyd edib ki, radikal müxalifətin əsas məqsədi ölkədə daimi gərginlik yaratmaqdır.

“Onlar bizi müharibəyə cəlb etməyə çalışırdılar, müxtəlif mövzular üzərindən davamlı gərginlik yaratmaq istəyirdilər. Elə bir mövzu yoxdur ki, ondan gərginlik məqsədilə istifadə etməyə cəhd göstərməsinlər. Radikal müxalifət nümayəndələri əslində baş verənlərin əsas iştirakçıları deyil, onlar sadəcə başqalarının əlində oyuncaqlardır. Əsas məqsəd Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq və qeyd-şərtsiz şəkildə kənardan verilən tapşırıqları yerinə yetirəcək şəxsləri hakimiyyətə gətirməkdir”, - deyə Papuaşvili vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papuaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin