Ordu.az xəbər verir ki, Kanada hökuməti ölkənin döyüş təyyarələri parkının genişləndirilməsi planı çərçivəsində 72-88 ədəd F-35 qırıcısının alınmasını və onların JAS 39 “Gripen-E” təyyarələri ilə dəstəklənməsini qiymətləndirir.
Kanada 2023-cü ildə köhnəlmiş CF-18 “Hornet” qırıcılarını əvəz etmək üçün F-35 proqramına qoşulacağını açıqlamış və ilkin mərhələdə 16 təyyarənin alınmasına dair müqavilə imzalamışdı. Lakin ötən il ABŞ ilə yaranan ticarət gərginliyi və Prezident Donald Trampın Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ilə bağlı bəyanatlarından sonra Baş nazir Mark Karninin hökuməti proqramı yenidən nəzərdən keçirməyə başlayıb.
Bundan əlavə, Kanada İsveçin “Saab” şirkəti ilə “GlobalEye” erkən xəbərdarlıq və idarəetmə təyyarələrinin alınması barədə danışıqlara başlayıb. “Bombardier Global 6500” platforması əsasında hazırlanan bu təyyarələr hava, quru və dəniz hədəflərini böyük məsafələrdən aşkarlamaq və izləmək imkanına malikdir.
Məlumata görə, Ottava altı ədəd “GlobalEye” təyyarəsinin alınmasına dair təxminən 5 milyard Kanada dolları dəyərində müqavilə bağlaya bilər. Bu əməkdaşlığın gələcəkdə 72-yə qədər JAS 39 “Gripen-E” qırıcısının alınmasına da zəmin yaradacağı bildirilir.
Mütəxəssislər isə qarışıq parkın istismar baxımından əlavə çətinliklər yarada biləcəyini qeyd edirlər. Kanada Qlobal Məsələlər İnstitutunun prezidenti Devid Perri bildirib ki, F-35 və “Gripen” tamamilə fərqli platformalardır və onların paralel istifadəsi əlavə logistika və hazırlıq yükü yarada bilər.
Onun sözlərinə görə, yeni təyyarələrin istehsalı və təhvil verilməsi illər tələb etdiyindən CF-18 qırıcıları da daha bir onillik xidmət göstərə bilər. Bu isə Kanada Silahlı Qüvvələrinin eyni vaxtda üç müxtəlif döyüş təyyarəsini istismar etməsi demək olacaq.
Bununla belə, “Gripen-E” proqramı Kanadanın ABŞ-dən asılılığını azaltmağa və yerli aviasiya sənayesini gücləndirməyə kömək edə bilər. Layihə çərçivəsində “Saab” ilə birgə istehsalın həyata keçirilməsi və təxminən 9 min iş yerinin yaradılması nəzərdə tutulur.
Müşahidəçilərin fikrincə, Ottavanın bu istiqamətdə atdığı addımlar Kanadanın müdafiə sahəsində yalnız ABŞ istehsalı olan sistemlərdən asılı qalmaq istəmədiyini göstərir.
Sevinc Əliyeva
Ordu.az